NAXÇIVANDA SAVADLI GƏNC KADRLARA DÖVLƏT QAYĞISI DAHA ÇOX HİSS OLUNUR.
Dünyanın harasında yaşamağımdan, yazıb-yaratmağımdan asılı olmayaraq, Naxçıvan adı gələndə istər-istəməz qürur duymuşam. Bilmirəm bu hissləri necə izah etməliyəm ki, oxucu üçün daha rahat başa düşülsün? Bircə onu bilirəm ki, Naxçıvan mənim kimi bir çox ziyalıların son ümid yeridir, vəssalam!
Naxçıvan Mirzə Cəlili, Hüseyn Cavidi və s. ziyalıları yetişdirərək dünyaya bəxş edib. Bu gün Naxçıvanda savadlı gənclərə yaradılan şərait dünyanın heç bir yerində yoxdur. Naxçıvan MR-sı rəhbərliyi intellektli gənclərə sahib çıxır, onlara göstərilən Dövlət qayğısı yüksək səviyyədədir. Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzdiyim və insanlarla səmimi söhbətlər apardığım üçün bu qənaətə gəlmişəm. Təkcə Azərbaycanda deyil, Ukrayna, Rusiya, Moldova və s. ölkələrdə də, tez-tez işgüzar səfərlərdə oluram. Və olduğum hər yerdə, kiçik də olsa, jurnalist araşdırması aparıram. Belə bir deyim var, “hər bir yalanda da, bir həqiqət var”.
Mənim üçün fərqi yoxdur, yuxarıda sadaladığım hansı dövlətdəyəm. Bütün sahələrlə maraqlanıram və sonda gənc kadrların təyinatı ilə də, ayrıca maraqlanıram. Nədənsə bu mənim üçün çox ağrılı bir temadır, görünür öz gəncliyimdə qarşılaşdığım neqativ hallar, məni bu sahə ilə ciddi maraqlanmağa məcbur edir.
Açıq deyəcəyəm, təkcə Naxçıvandan başqa, hər yerdə sadə insanlar arasında apardığım sorğu nəticəsində belə qənatə gəlirəm ki, şirinliksiz heç nə mümkün deyildir.
Bu günlərdə Naxçıvan MR-nın Kəngərli rayonunda sadə vətəndaşlar arasında kiçik bir sorğu apardım. Diqqətimi çəkən məqamlardan biri də, gənclərə daha çox önəm verilməsi oldu. Sadə insanlar vurğuladılar ki, nəinki Kəngərlidə, ümumiyyətlə Naxçıvanda heç bir kadr pulla işə götürülmür. Cənab sədrimizin qərarı budur ki, kimin savadı vardırsa Dövlət qulluğundan imtahan versin və gəlsin istədikləri sahədə işləsinlər. Mən eşitdiklərimlə qürur duydum, çünki deyilənlərin hər biri faktlara söykənirdi. Tanıdığım onlarla gənc kadr vardır ki, həddən artıq imkansız ailələrin övladlarıdır. Bu gün hər biri Dövlət qulluğundan imtahan verib istədikləri sahədə vətəninə, dövlətinə xidmət edirlər. Tanıdığım bir gəncin bu yaxınlarda Polisə də, işə təmənnasız qəbul edilməsi faktını ayrıca qeyd etmək istəyirəm.
Naxçıvan MR-sı Ali məclisinin sədri Vasif Talıbov cənablarının Naxçıvanda olan beyin kapitalına daha çox önəm verməsi təqdirəlayiqdir. Statistikaya istinad etmədən deyərəm ki, hələ illər öncəsi ən gənc Nazir Naxçıvanda məhz Vasif Talıbovun sayəsində dövlətinə, xalqına xidmət etməyə başlayıb.
Şəxsən mənim tanıdığım kiçik Dövlət qulluqçusu olubdur ki, kasıb ailənin övladı olduğu üçün kirayədə qalırdı. Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, “ Qarabağda “ iştirak etmişdi. Həmin vaxtı Cənab sədr ona Naxçıvan şəhərinin mərkəzində ev bağışladı. Mikrarayonda deyil, doğulduğu kənddə deyil, məhz şəhərin mərkəzində öz işçisini evlə təmin etdi. Ali məclisin sədri öz hərəkətləriylə sübut edir ki, onun atdığı hər bir addım özünüreklam üçün deyil, içdən gələn könül məsələsidir. Bu addımları ilə, Cənab sədr sadəcə Heydər Əliyev məktəbinin əlaçı tələbəsi olduğunu sübut edir.
Ümummilli liderimiz Heydər Əliyev də, həmişə şair və yazıçılara, incəsənət adamlarına, jurnalistlərə xüsusi diqqət və qayğı göstərər, çoxlarını da, mənzillə təmin edərdi. Ulu öndərin gülə-gülə söylədiyi bir fikri həmişə xatırlayıram “Müəllimi, həkimi, elə jurnalistləri də, həmişə Xalq dolandırıb”.
Bu gün Naxçıvanda Ümummilli lider Heydər Əliyevin sədaqətli davamçısı Vasif Talıbov da, məhz bu müdrik yolu, öz ziyalısının qayğısına qalmaq yolunu tutub.
Bir faktı da, xüsusi qeyd etmək istəyirəm. Azərbaycan jurnalistikasında uzun illər çalışan bir həmkarım Jurnalistlər binasından ev ala bilmədiyi üçün çox məyus olmuşdur. Həmin dövrdə jurnalistlərə ev bölgüsü zamanı xeyli problemlər olmuşdur, bir çox vəzifəlilər öz katibələrinə, bir çox məmurlar isə, öz qohumlarına və ən nəhayət şirinlik qarşılığında bir çox evləri hərraca belə çıxaran məmurlarımız olmuşdur. Düzdür, bu gün həmin məmurların bir çoxu artıq vəzifəsindən azad edilib. Bu ayrıca bir mövzudur, sonra buna toxunmağı düşünürəm.
Ancaq həmin dediyim jurnalisti Vasif Talıbov cənabları evlə təmin etdi. Bu gənc ziyalısına, savadlı kadrlarına göstərilən Dövlət və Atalıq qayğısıdır. Axı belə qayğıkeş rəhbəri olan camaat niyə narazı olmalıdır? Bu gün Naxçıvanın məhz Avropa şəhərləri kimi sabit olması, inkişaf etməsi çoxlarını qıcıqlandırır.
Açığını desəm, şəxsən mən özüm 1998-ci ildən dövlətimizin bir çox mətbu orqanlarında çalışmış və müxtəlif mükafatlara layiq görülməyimə baxmayaraq, heç vaxt mənzil üçün Cənab Prezidentə müraciət etməmişəm.
Dəfələrlə Respublikada keçirilən ən yaxşı müəllif yazıları müsabiqəsinin ikinci və üçüncü mükafatlarına layiq görülmüşəm. Beş kitab müəllifiyəm, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüyəm. “Ukrayna Azərbaycan Beynəlxalq Alyansı” təşkilatının keçirdiyi sorğuya əsasən 2019-cu ildə “ İlin Jurnalisti” adını qazanmışam. Kiçik Dövlət Qulluqçusu olmuşam. “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin “ sədriyəm.
Ancaq özümdən asılı deyil, əgər nə vaxtsa Naxçıvandan kiçik bir mükafat alaramsa, onun mənim üçün ən Ali mükafat olacağına əminəm.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin üzvü.