“Bu gün ölkəmizdə uşaqlara qayğı dövlət siyasətinin əsas istiqamətidir”
“Bu gün ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ümummilli Liderin hələ ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirməsi, səhiyyə, mədəniyyət, təhsil ocaqlarının, məktəbdənkənar müəssisələrin şəbəkəsinin genişləndirilməsi uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına öz təsirini göstərib.” Bu barədə “Dəcəl Balam” Ailə və Uşaq Jurnalının baş redaktoru Dilşad Musa bildirib. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu 1993-2003-cü illərdə uşaq siyasətinin daha güclü təməllər üzərində qurulması və həyata keçirilməsi üçün fəaliyyətinin mühüm istiqamətlərini bu məsələyə yönəldib. Həmin dövrdə ölkəmizdə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılıb, zəngin qanunvericilik bazası yaradılıb.
D.Musa qeyd edib ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasi xətt bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və artıq milli strategiya kimi formalaşıb: “Belə ki, bu gün ölkəmizdə uşaqların təhsili, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə də mühüm tədbirlər həyata keçirilir.”