"Paşinyan yenə də İlham Əliyevdən ağır zərbə aldı" ÖZƏL-ŞƏRH
"Uzun illərdir ki, aclıq, səfalət içərisində yaşayan erməni xalqına yağlı vədlər verməklə hakimiyyətə gələn Paşinyan, ölkəsində yaxşılığa doğru heç nəyi dəyişə bilmədi. Onun bacarıqsızlığı, səriştəsizliyi pandemiya dövründə özünü daha qabarıq göstərir". Bunu DİASPOR.İNFO-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Partiya sədrinin sözlərinə görə, işğalçı ölkədə yoxsulluq, işsizlik kimi problemlərin üzərinə koronavirusun yaratdığı irimiqyaslı itkilərin əlavə olunması hökumət başçısını aqoniya vəziyyətinə salmış, onu daha da aqressivləşdirmişdir: "Paşinyan onun istefasını tələb edən parlamentdəki müxalifət fraksiyasının liderinin mandatını əlindən aldırır, həbs etdirir, etirazçılara polis vasitəsilə divan tutdurur. Onun aqressivliyi, hərəkətlərinə nəzarət edə bilməməsi iyunun 18 - də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilmiş Sammitində də özünü göstərdi. Çıxışının bir hissəsini çətin başa düşülən ingiliscədən, digər hissəsini isə erməni dilində edən Paşinyan, əslində, ölkəsinin daxili -siyasi vəziyyətinə uyğun populistcəsinə danışmağa cəhd edirdi. O, ingilis dilində kağızdan oxuyarkən dünyada qəbul edilmiş "Naqornıy Karabach" sözünü işlədir, ana dilində isə "Arsax" deyirdi. Prezident Ilham Əliyevin çıxışına verdiyi replika da Ermənistandakı daxili auditoriyaya hesablanmışdı. Erməni baş nazir Ramil Səfərovun Azərbaycana ekstradisiya edilərkən qəhrəman kimi qarşılanmasını mənfi arqument kimi ortaya qoymaq istədi. Lakin Ilham Əliyevin tutarlı cavabı Paşinyanı növbəti dəfə pərt etdi. Prezidentimiz haqlı olaraq bildirdi ki, vaxtı ilə Fransada terror törədərək çoxlu insanı qətlə yetirmiş ermənilərə qonşu ölkədə qəhrəman adı verilməsi heç bir normaya sığmır. Yaxın Şərqdən erməni terrorçularını Dağlıq Qarabağda gətirib dinc azərbaycanlılara qarşı qətliam törədilməsi, etnik təmizləmə aparılması da bu qəbildən olan cinayətlərdəndir. Bir sözlə, Paşinyan yenə də İlham Əliyevdən ağır söz zərbəsi aldı. Qaş düzəltmək əvəzinə göz çıxaran Baş nazirin indi bu Sammitindəki məğlubiyyətinə görə Ermənistanda az qala öz gözünü çıxarırlar".
Müəllif: Ceyhun Rasimoğlu