NAXÇIVAN DÖVRÜMÜZÜN ƏN SABİT YAŞAYIŞ MƏSKƏNİDİR.
Əgər nə vaxtsa Paytaxtla quru yol açılarsa Naxçıvan İsveçrədən də, tanınmış bir yer olacaq.
Koronovirus pandemiyası dövründə Naxçıvanda qaldığım üçün Naxçıvan-Bakı aviareyslərinin açılmasını səbirsizliklə gözləyənlərdən biri də, mən idim. Odur ki, Naxçıvan-Bakı aviareyslərinin açıldığı gündən aerokassanın qarşısını kəsənlərdən biri də, mən oldum və burada çox maraqlı həmsöhbətlər tapdım. Həmsöhbətlərim arasında Naxçıvana ürəyi yananlar da, ona rişxənd edənlər də, oldu. Bəziləri deyirdi ki, bu camaat burada necə yaşayır?, Azərbaycanın digər rayonları ilə heç bir əlaqə yoxdur?, yalnız təyyarə yolu ədalətsiz deyilmi?
Bəli, həqiqətən də, mən də elə düşünürəm ki, bu ədalətsizlikdir, çünki kasıb Naxçıvanlı niyə 10 azn deyil, 50 azn -ə paytaxta getməlidir? Bu problem dövlətimizin problemidir, vətəndaşın deyil, odur ki, dövlət bunun yolunu tapmalıdır. Bu birmənalı olaraq belədir.
Bir həmsöhbətim, mən deyərdim elə müsahibim, onun danışdıqları diqqətimi daha çox çəkmişdi. Zabit ailəsi idi, həyat yoldaşı və bacısı mənimlə eyni sırada əyləşmişdilər. Bakı ləhcəsiylə danışdığı üçün diqqətimi çəkdi. Onlara öz düşdüyüm vəziyyətlə bağlı danışdım, xanım mənə dedi ki, bacım da sizin kimi Novruz bayramına gəlib burada qalanlardandır. Onun savadlı danışması, dünyanın gediş-gəlişindən anlaması məni daha da həvəsləndirdi. Ondan soruşdum ki, neçə ildir Naxçıvandasınız və burada nə sizin xoşunuza gəlir, nə xoşunuza gəlmir? Əlbəttə ki, xanım mənim jurnalist olduğumu bilmirdi, odur ki, ürəyindən keçən nə varıydısa açıb danışdı:
“ Naxçıvanda yaşamağımız, on ildən çoxdur. Mən Naxçıvan deyərkən ilk ağlıma gələn bu olur ki, bura çox sakit və sabitdir. Sanki ayrı dünyada yaşayırıq, mən uşaqlarımla şəhərə çıxarkən heç vaxt pis şeylər haqqında düşünmürəm. Məsələn, uşağı nəzarətsiz qoysaq belə, onu heç bir təhlükə gözləmir, çünki Naxçıvanda nəinki uşaq oğurluğu, hətta mən deyərdim adi məişət oğurluğu belə yoxdur. İlk vaxtlar buna alışa bilmirdim, parkda addımbaşı uşağın arxasınca gəzirdim. Sonralar başa düşdüm ki, söhbət zabit ailəsindən getmir, ümumiyyətlə bu yerlərdə belə hallar olmur, çünki sabitlik yüksək səviyyədə təşkil edilib. Çox arxayıncasına dükan-bazara, istirahət məkanlarına gedirik. Bütün bu sabitliyi, inkişafı yaradanlar var, əlbəttə ki, o şəxs Naxçıvan Ali məclisinin sədri cənab Vasif Talıbovdur. Bəlkə də, sizin üçün maraqlıdır ki, Bakılı
xanım Naxçıvanda yayı isti, qışı soyuq olan bir yerdə necə yaşayır? İnanın ki, mən həyat yoldaşımla bərabər buranı sevdim və həyat yoldaşımın məhz Naxçıvandan ehtiyyata buaxılmasını istəyirəm. Yoldaşım da, öz işindən çox razıdır və peşəsini sevir. Deyir ki, nə yaxşı ki, biz Naxçıvandayıq. Hərəmizin özümüzə görə arqumentlərimiz var, o zabit kimi belə düşünür, mən isə övladlarını böyüdən Ana, ümumiyyətlə bir Azərbaycan xanımı kimi belə düşünürəm. Bilirsinizmi, Naxçıvana, bizim yanımıza qonaq gələndə də, utanmırıq. Şəhərimiz çox təmiz, səliqə-səhmanlıdır. Qayda-qanun və ona riayət olunması təqdirəlayiqdir. Bir çox şeylər vardır ki, bazar və dükanlarda çox ucuzdur. Bir insan üçün bundan əlavə daha nə lazımdır? Baxın havası çox təmizdir, sabitlik hər yerdən yaxşıdır, insanları çox mehribandır, xüsusən də, qonaqpərvərdirlər. Mən necə deyim ki, burada nəyisə bəyənmirəm. İnsanların, buradakı dövlət məmurlarının haqqına girmiş olaram. Mənim üçün Naxçıvan nəinki Azərbaycanın, dünyanın ən yaşamalı yeridir. Naxçıvanın bir problemi var, o da, paytaxtımızla arasında quru yolu yoxdur. Bax bu Naxçıvanın inkişafını dünyaya göstərilməsinə, turistlərin kütləvi axınına mane olur. Əgər nə vaxtsa Paytaxtla quru yol açılarsa Naxçıvan İsveçrədən də, tanınmış bir yer olacaq.”
Əslində əvvəldən özümü təqdim etmədiyim üçün sonradan xanıma jurnalist olduğumu da, ona deməyi özümə rəva bilmədim. Onun adını yazmadığım üçün hesab edirəm ki, insan haqlarını da, pozmuş olmuram. Böyük şəhərdə yaşayan, çox şeyin əlçatan olduğu paytaxtdan gəlib, Naxçıvanda gördüklərinə real qiymət vermək, burada yaşamasından zövq aldığını deməsi hər bir Naxçıvanlı kimi mənə də xoş oldu. Xanımın ən sonda dediyi bir söz mənim daha çox diqqətimi çəkdi: “ Azərbaycanın hər bir guşəsi bizim üçün əziz olmalıdır və bu belədir. Ancaq Naxçıvan xüsusi bir yerdir, Vasif Talıbovun rəhbərliyi altında qanunların Alman saatı kimi işləməsini hamı bilir və bunu ayrıca qeyd etməyimiz yerinə dşərdi.”
ƏLMANİZ ƏLƏKBƏRLİ
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
534