“Pandemiyaya qarşı mübarizə həm də milli təhlükəsizlik məsələsidir” ÖZƏL-MÜNASİBƏT
"Dünya ölkələrinin koronavirusa qarşı cıddi mübarizə apardığı, xəstəliyin yüz minlərlə insanın canını aldığı bu günlərdə bir çox vətəndaşlarımızın baş verənlərə biganə yanaşması, qayda-qanunlara əməl etməməsi təəssüf doğurur". Bu sözləri DİASPOR.İNFO-ya verdiyi açıqlamasında Milli Məclisini Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, məhz buna görə də ölkəmizdə virusa yoluxanların sayı günbəgün artır və bu da hər birimizi ciddi narahat edir, halbuki, pandemiyaya qarşı ən ciddi qabaqlayıcı tədbirlər görən, külli miqdarda vəsait ayıran, əhalinin sosial qayğılarını yüngülləşdirən bir dövlət kimi dünyaya nümunə olmuşuq.
“Ölkəmizin rəhbəri Cənab İlham Əliyev, birinci xanım Mehriban xanım Əliyeva, müvafiq dövlət təşkilatları, vətənini, xalqını sevən hər bir insan dünyanı bürüyən bəlanın qarşısını almaq üçün əlindən gələni əsirgəmir. Mobil tipli yeni xəstəxanalar quraşdırılır, müasir tipli tibb avadanlıqları, dərman pereparatları alınır, istifadədə olan xəstəxanaların təchizatı yaxşılaşdırılır və xəstəliyin yayıldığı ilk gündən ciddi tədbirlər görülür. Ölkə başçısının, rəhbər vəzifəli şəxslərin, mütəxəssislərin, ictimaiyyət nümyəndələrinin müraciətləri, çağırışları davamlıdır və informasiya vasitələri ilə insanlar daimi olaraq məlumatlandırılırlar. Bəs, pandemiyanın geniş yayılmasının, yoluxanların sayının çoxalmasının səbəbi nədir? Əlbəttə ki, laqeyidlik, biganəlik, düzünü desək, düşüncəsizlik, ciddi söyləsək, özünə və başqalarına qəsd, xəyanət və cinayətdir.
Əgər kimsə maska taxmırsa, sosial məsafə saxlamırsa, tibbi, gigiyenik qaydalara əməl etmirsə, o həyatına, sağlamlığına biganədir və sabah nə baş verəcəyi barədə düşünmür. Əgər o düçünmədən bu xəstəliyə tutulursa və bunu yayırsa, ətrafdakılara qəsd edir, xəyanətə yol verir. Digər halda, onun virusa yoluxdurduğu insan dünyasını dəyişirsə, deməli o cinayətkardır. Bizim hər birimiz xəstəliyin yayılmasına imkan yaradanların əməllərinə bu baxımdan qiymət verməliyik. Axı yoluxanlar və hər gün həyatını dəyişənlər gözlərimizin qarşısındadır. Onlar bizim vətəndaşlarımızdırlar. Belə olan halda, nədən qoyulan qaydalara əməl etməməli, özümüzü və ətrafdakıları yoluxdurmalıyıq. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, pandemiyaya qarşı mübarizə ümumxalq, bəşəri mübarizədir və bizim üçün milli təhlükəsizlik məsələsidir. Dövlətin, xalqın təhlükəsizliyinin təmin olunması isə qayda-qanunları pozanlara, koronavirusun yayılmasına imkan yaradanlara, yayanlara, çağırışlara, müraciətlərə biganə olanlara qarşı ciddi tədbirlər görməyi, qanunları, qaydaları sərtləşdirməyi tələb edir. Çünki, xalqın təhlükəsizliyi məsələsində heç bir güzəşt ola bilməz. Əks təqdirdə biz ağır fəlakətlərlə qarşıılaşar, çıxılmaz vəziyyətə düşə bilərik. Çətinliyə gedən yollar qətiyyətlə bağlanmalıdır. Hər kəs qayda-qanuna sözsüz əməl etməlidir. Başqa əlacımız yoxdur”, deyə Tahir Rzayev bildirib.
Müəllif: İnam Hacıyev