“Azərbaycanda bu xəstəliyin müalicəsi pulsuzdur” ÖZƏL-MÜNASİBƏT
Koronavirus epidemiyası bütün dünyada yayılıb, bu məqamda iki peşə sahibi yükü daha çox üzərinə götürüb ki, bunlardan biri polislərdir və ən vacibi həkimlərdir. Bu sözləri DİASPOR.İNFO-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbərinin sözlərinə görə, həkimlər ikiqat yük altındadırlar, səhərdən axşamacan çalışmaq məcburiyyətindədirlər və həm də onların xəstəliyə yolxma riskləri var.
“Nə qədər ölkələrdə, elə Azərbaycanın özündə də virusa yoluxan, dünyasını dəyişən həkimlər olub. Bəlkə də onlar xəstələrə qulluq edərkən yoluxmuşdular və bu onların qəhrəmanlıqları idi.
Əlbəttə, hər bir ölkədə olduğu kimi Azərbaycanda da müəyyən çətinliklər var. Amma əsas odur ki, Azərbaycanda bu xəstəliyin müalicəsi pulsuzdur. Vətəndaş telefonla təcili yardımı çağıranda ola bilsin gecikmə ola bilər, amma gəlirlər, yoxlayırlar, xəstəlik simptomları ağırdırsa onu xəstəxanada yerləşdirirlər. Aydındır ki, bu xəstəliyin dərmanı hələ yoxdur. Onun üçün xüsusi bir dərman yoxdur ki, deyələr onu aptekdən alıb müalicə olunmaq olar. Xəstəxanaların özlərinin də çarpayı limiti var. Ona görə hamı insanları xəbərdar edir ki, üç şərtə, tibbi maskadan istifadəyə, sosial məsafənin qorunmasına, əllərin təmiz saxlanılmasına riayət edilsin. Bunu etməyəndə, səhlənkarlıq edəndə xəstəliyə yoluxma riski artır və sonra həkimlərin üzərinə böyük bir yük düşür.
Yenə də təkrar edirəm, ola bilsin müəyyən qüsurlar var. Bu qüsurlar bütün dünya ölkələrində də var. Hətta inkişaf etmiş bir çox kapitalist ölkələrində bəzi həkimlər xəstələri qoyub qaçırmışlar. Məsələn, İspaniyada, İtaliyada belə hallar olmişdu. Qocalar evində təsadüf olunan belə hallar nəticəsində xeyli insan həlak olmuşdi. Mən Azərbaycanda belə halların, belə həkimlərin olduğu haqda eşitməmişəm. Hansısa bir səhlənkarlıq ola bilər, amma Azərbaycan həkiminin xəstəsini qoyub qaçdığı hala rast gəlinməyib. Telefonla müraciət olunan kimi həkimlər xəstələrin yanına qaçır və məsələni aydınlaşdırmağa çalışırlar.
Başqa bir fakta müraciət etsək, məsələn, Amerikada mülicəsini bitirib evinə qayıdan birinin evinə 1 milyon dollar hesab gəlib və sən demə bahalı dərmanlar, süni nəfəs üçün bahalı aparatlar onun öz hesabına imiş. Şükürlər olsun ki, bizdə bu xəstəliyin müalicəsi pulsuzdur və heç kimdən pul tələb olunmur. Mən belə bir fakt da eşitməmişəm ki, koronavirusla müalicədə hansısa xəstəxana və ya həkim kimdənsə pul tələb etsin. Bəli, yəni özəl klinikalarda test pulludur. Amma dövlət xəstəxanalarında pulsuz test müayinələri aparılır və sonra da pulsuz müalicə başlayır ki, bunun da müalicəsini dövlət öz üzərinə götürür.
Ona görə də mən belə şaiyələrin yayılmasının əleyhinəyəm. Ola bilsin hansısa görüntülər yayıla bilər. Yenə də təkrar edirəm, səhlənkarlıqlar, səhvlər ola bilər. Amma bu geniş miqyası almayıb axı. Bu kütləvi xarakter daşımır. Tək-tük hallar ola bilər.
Modul tipli xəstəxanalar tikilir. Başqa xəstəxanalar da koronavirusun müalicəsi üçün ayrılıb. Amma onu da bilməliyik ki, bu xəstəliyin dərmanı hələ yoxdur və şükürlər olsun ki, yoluxanların da mütləq əksəriyyəti qısa zamanda sağalırlar. Təəssüf ki, vəfat edənlər də var. Amma hər halda, xəstələrin, yoluxanların sayı çox olsa da, son günlər yüzlərlə, minlərlə insan bu xəstəlikdən sağalıb”, deyə Elxan Şahinoğlu bildirib.
Müəllif: İnam Hacıyev