BU GÜN XARİCİ SİYASƏTİMİZİN ƏSASINI DİASPORAMIZ TƏŞKİL EDİR.
22-si iyul Azərbaycanda “Milli Mətbuat” günüdür. Və bizim üçün əziz olan bu şərəfli gündə “ Diasporla İş Üzrə Dövlət Komitəsinin” sədri Fuad Muradov dünyaya göz açmışdır.
Bəli, bu gün onun doğum günüdür.
Bu münasibətlə “Diaspor.info” saytının kollektivi Fuad müəllimi ürəkdən təbrik edir, bu çətin və şərəfli işində ona uğurlar arzulayırıq.
Fuad Muradov sözügedən komitəyə təyin olunan günə kimi, qurumun yarıtmaz fəaliyyətindən çox ciddi yazılar yazırdım. Düzdür Fuad müəllimin vaxtında da, bəzi diaspor rəhbərlərinin yarıtmaz fəaliyyətindən tənqidi məqalələr yazmışam.
Ancaq mənə elə gəlir ki, hansı peşə sahibi olmağından asılı olmayaraq, hər şeyə Allahını və vicdanını unutmadan münasibət bildirməlisən.
Ad günü ərəfəsində olmasına baxmayaraq, Fuad müəllimin komitəyə rəhbərlik etdiyi dövrdən gördüyü işlərin statistikasını oxuculara çatdırmaq fikrində deyiləm. Hesab edirəm ki, bundan ötrü komitənin özünün rəsmi saytı var. Ancaq bununla yanaşı onun dövlətimiz üçün çox siyasi əhəmiyyət daşıyan bir çox addımlarından yazmağı özümə borc bilirəm. Hamıya məlumdur ki, Xarici işlər nazirliyinin son bir neçə illərdəki fəaliyyəti bərbad olub. Mən dəfələrlə səfirlərin diaspora üzərindən alver etməsiylə bağlı tənqidi yazılar yazmışdım. Ən nəhayət Xarici siyasətimizə daha yüksək səviyyədə, Cənab Prezident tərəfindən tənqidi qiymət verildi. Güman edək ki, yeni Xarici işlər naziri özündən əvvəlkinin səhvlərini təkrar etməyəcək.
Deməli belə çıxır ki, Cənab Prezident Xarici siyasətimizdəki qüsurları gördüyü üçün DİDK-yə yeni rəhbər, gənc diplomat, sözün əsil mənasında savadlı siyasətçi olan Fuad Muradovu təyin etmişdir. Fuad müəllim isə işə başlayan kimi, çoxlarının on illərlə edə bilmədiyi ilklərə imza atdı. Az–çox diaspor işindən başı çıxanlar bilir ki, bizim çox savadlı, vətənpərvər diaspor üzvləri və rəhbərləri ilə yanaşı, ikili oyun oynayanlar, bir çox dövlətlərin hüquq-mühafizə orqanlarına işləyənlər, öz ad və soyadını yazarkən bir neçə səhv buraxan diaspor üzvləri və sədrləri də, vardır. Bütün bu kimi çətinliklərə və özündən əvvəlki komitə sədrinin yaratdığı süni problemlərə rəğmən, Fuad Muradov öz şəxsiyyəti ilə diasporamıza nüfuz etdi. O, uzun illər, hətta biri-birini ölümlə hədələyən diaspor rəhbərlərini belə bir araya gətirərək, barışdırdı.
Fuad müəllim Koordinasiya şuraları yaratdı.
Belə barışıq üçün on illərlə çoxları cəhd göstərmişdi. Bunu etmək heç bir məmura nəsib olmamışdı.
Fuad müəllimi dinləyən hər bir diaspor rəhbəri deyirdi ki, bu insan ziyalıdır və diaspor sahəsinə alver kimi baxmır. Qoy lap bizim şəxsi maraqlarımıza ziyan olsun, ancaq bu mədəni insanın ətrafında birləşməliyik.
Əslində bu halın özü belə heç də, xoş hal deyil, görün bizim bəzi dövlət qurumları özünü necə aparıbsa hamı onlara alverçi kimi baxırmış.
Bəs Fuad Muradov daha nələri etdi?
Fuad müəllim Avropa və bir çox MDB ölkələrində güclü, sözünü deyə bilən insanları bir araya toplayaraq, Azərbaycan naminə, dövlətçilik, Millətimiz naminə işləməyin yol xəritəsini cızdı. Və çox da uzağa getməyəcəyəm, məlum Tovuz hadisələri zamanı, mənfur erməni faşistlərinin alçaqca etdiyi hərəkətlər zamanı, dünyada yaşayan Diaspor təşkilatları çox böyük həmrəyliklə ayağa qalxdı. Dünyanın ən aparıcı dövlətləri başda olmaqla bir çox ölkələrdə kütləvi etiraz mitinqlərinin keçirilməsi, Azərbaycan dövlətinə, hakimiyyətə, xalqımıza böyük coşqu ilə dəstək verməsi də, Fuad Muradovun qısa müddətdə apardığı diaspor siyasətinin nəticəsi idi. Fuad müəllimin Avropada yaratdığı koordinasiya şuraları, Azərbaycan evləri Qarabağla bağlı nümayişlər təşkil edən zaman, siyasi əqidəsindən asılı olmayaraq, hamı bir nəfər kimi həmin dəstək mitinqlərində iştirak etdilər. Demək ki, söhbət vətəndən, millətdən və dövlətdən gedirsə bu mövzuda insanları bir yerə yığmaq olarmış, sadəcə Prezidentə sədaqətlə xidmət etmək lazımdır, vəssalam!
Diaspor sahəsindən yazan bir jurnalist kimi və “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin “ sədri kimi deyə bilərəm ki, dünənə kimi səfirliklərimizin əksəriyyəti diaspor təşkilatlarının işinə yersiz müdaxilə etməklə onlara yalnız mane olurdular. Bütün bunlara baxmayaraq, Fuad müəllim yorulmadan çalışdı və nəticəsi də, göz qabağındadır. Əgər DİDK-si olmasaydı bu gün xarici siyasətimiz çox bərbad gündə olardı.
Mənim subyektiv fikrim belədir ki, bu gün Fuad Muradov sədaqətli məmur kimi çoxlarına nümunədir, əslində bu elə sözün əsil mənasında belədir.
Ümid edirəm ki, yeni Xarici işlər naziri Ceyhun Bayramov da, xarici siyasətimizdə Fuad müəllim kimi yeniliklər edəcək və ən azından diaspor təşkilatlarına öz işlərini görməkdə mane olmayacaq.
Ümid edək ki, Hər iki qurum xarici siyasətimizdə birlik nümayiş etdirəcəklər.
Fuad müəllimin xarici siyasətimizdəki təcrübəsini nəzərə alsaq bu Ceyhun Bayramovun da, öz işində inqilab etməsinə kömək edərdi. Doğrudan da, dəhşətli faktlar var idi, səfirlik işçilərinin işlədikləri dövlətlərdə sığınacaq, vətəndaşlıq istəmələri qədər utanc halların şahidi olduq.
Fuad Muradovun rəhbərlik etdiyi qurum isə bazar söhbətlərindən, dedi-qodu yaradaraq, burada maddi mənfəət əldə etməkdən birbaşa dövlətçilik, vətənpərvərlik, lobbiçiliyə doğru addımların atılması kimi mühüm layihələrə keçid etdi.
Demək ki, təyinat uğurlu olarsa bütün sahələrdə irəliləyiş etmək olar.
Yetər Ki, Vətəninə, Dövlətinə, Xalqına Sədaqətlə Xidmət Edəsən!
Əlmaniz Ələkbərli.
Baş Redaktor.