İkinci Qarabağ müharibəsində Laçın rayonundan olan 14 nəfər əsgər və zabit şəhidlik zirvəsinə yüksəlib, 17 nəfər əlil olub. Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində rayon sakinlərindən 4 mülki şəxs həlak olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Laçın rayonundan olan 2 şəhid ordenlə, Vətən müharibəsi əlili və iştirakçılardan 547 nəfər medalla təltif edilib. 1 şəhid, 2 müharibə əlili mənzillə təmin edilib, 28 şəhid və əlil ailəsi mənzil növbəsinə götürülüb. 2 nəfər Qarabağ qazisi minik avtomobilli ilə təmin olunub. Şəhidlərin adının əbədiləşdirilməsi üçün 2 bulaq kompleksi tikilib.
Diaspor info AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Laçın Rayon İcra Hakimiyyətində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə aparılan işlərə dair keçirilən müşavirədə bəhs edilib. Laçın Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşlarının iştirak etdikləri yığıncaqda əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq bu günümüzə qədər regionda cərəyan edən hadisələrdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından danışıb, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib.
Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyevin şəhid ailələri, müharibə əlilləri və veteranları ilə aparılan işlərlə bağlı məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin imzaladığı sosial paketlərin tələblərinə uyğun olaraq şəhid ailələri, müharibə veteranları və Qarabağ müharibəsi əlilləri hərtərəfli qayğı ilə əhatə olunub, onların rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu proqram ardıcıl şəkildə uğurla davam etdirilir.
Qeyd olunub ki, Laçın rayonunda da şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və müharibə veteranlarına hərtərəfli dövlət qayğısı göstərilir. Onların müraciətlərinə həssaslıqla baxılaraq qanuni tələbləri dərhal yerinə yetirilir, həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində konkret işlər görülür.
Məruzə ətrafında çıxış edən idarə, müəssisə rəhbərləri idarə etdikləri müəssisələrdə vakant iş yerləri yarandıqca şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və müharibə veteranlarının işlə təmin olunmalarına köməklik olunduğunu qeyd edərək, bundan sonrada bu istiqamətdə işlərini davam etdirəcəklərini bildiriblər.