“KİV nümayəndələrinə ölkə başçısı hər zaman qayğı göstərib” ÖZƏL-MÜNASİBƏT
Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Kütləvi İnformasiya Vasitələri nümayəndələrini 22 İyul Milli Mətbuat günü münasibəti ilə təbrik edib. DİASPOR.İNFO-ya açıqlamasında partiya sədri vurğulayıb ki, ölkənin KİV nümayəndələrinə gərəkli qayğını hər zaman ölkə başçısı Cənab İlham Əliyev göstərib.
“Bir dəfə Rusiya prezidentinə sual verdilər ki, niyə həkimin, müəllimin, polisin maaşı, əmək haqqısı artırılır, amma jurnalistin maaşına bu artım şamil edilmir? Prezident cavab verdi ki, hər kəsin bildiyi kimi, polis, həkim və ya hüquqşünas olduğunda yaxşı maddi imkanlara sahib ola biləcək. Bu hədəfinə uyğun olaraq, yaşayıb yaradır. Belə adamların hədəfi daha yaxşı yaşamaqdır. Jurnalist isə ən başdan yaxşı yaşamaq üçün yox, yaxşı yaza bilmək məqsədi ilə əlinə qələm alır. Burada əslində bir məntiq var və bu da ondan ibarətdir ki, jurnalisti digər peşələrdən fərqləndirən, o peşə sahiblərini maddi dəyərdən daha çox mənəvi dəyər maraqlandırmasıdır. Amma buna rəğmən Azərbaycan Prezidenti Cənab İlham Əliyev jurnalistlərimizə dəstək olur, onları evlə də təmin edir, fəxri adlarla da təltif edir.
Bundan başqa, Cənab President medianın gücünə güvəndiyini qeyd edərək, təyin etdiyi məmurların fəaliyyəti ilə bağlı Cənab Prezidentə yardım edərək, media nümayəndələri tərəfindən məlumatlandırılmasını tövsiyə edir. Başqa dövlətlərin media praktikasında belə humanism görmək mümkün deyil. Xüsusən Türk dövlətlərinin təcrübəsində. Ona görə də, Azərbaycanda jurnalistlər üçün yaradılan şərait daim Cənab Prezidentin diqqət və qayğıları arasında önəmli faktor rolunu oynayır. Fürsətdən istifadə edib, hörmətli Həsən bəy Zərdabi irsinin sadiq davamçılarını, bütün jurnalistləri 22 İyun Milli Mətbuat günü münasibəti ilə təbrik edirəm! Hər daim qələminizdən vicdan mürəkkəbi əksik olmasın. Unutmayın, əli qələm tutan hər kəs medianın potensial silahdaşı və savaşçısıdır”, deyə Əsli Kazımova bildirib.
Müəllif: İnam Hacıyev