“Repatriasiya prosesi başlayan zaman icraçı qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub”.
Diaspor info-xəbər verir ki, bu sözləri “Sosial saat” verilişində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov deyib.
O bildirib ki, bu prosesdə hər bir qurumun konkret olaraq səlahiyyəti müəyyən edilib:
“ƏƏSM-in üzərinə düşən vəzifə ölkəyə repatriasiya olunmuş uşaqlara və valideynlərinə (analarına) ölkəyə gəldikdən sonra zəruri xidmətlər göstərməkdir. Onlara ilk gəldikləri vaxt Sosial Xidmətlər Agentliyinin tabeliyində olan müəssisələrdə xidmət göstərilir, daha sonra isə yerlərdə, ailələrdə onların sosial reabilitasiyası aparılır. 2018-ci ildən bu yana 358 repatrientə belə reabilitasiya xidmətləri göstərilib. Əsasən, Suriya, İraqda repatriasiya olunan uşaqlar və onların valideynlərinə sosial xidmətlər göstərilib. Onların 340 nəfəri uşaq, 18 nəfəri isə valideynləri olub. Ötən il ərzində isə 81 uşaq repatriasiya olunub. Həmin uşaqlardan 49-u bizim Agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinə yerləşdirilib. Onlar mütəxəssislərin nəzarəti altındadır. Bu proses bundan sonra da davam etdiriləcək”.