“Kiçik və orta biznesin inkişafı ilə bağlı məsələ TÜRKPA-nı ona görə maraqlandırır ki, bu gün türk dövlətləri arasında inteqrasiya o səviyyədədir ki, biz artıq bir sıra istiqamətlərdə, xüsusilə də iqtisadi istiqamətdə elektron hökumət modelinin müəyyən dərəcədə uzlaşdırılması istiqamətində bütün türk dövlətləri ilə koordinasiya qurmağa çalışırıq”. Diaspor info-nun verdiyi məlumata görə, bu fikirləri “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfransda Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, bunun üçün də hüquqi zəmin yaradılmalıdır: “Ona görə də TÜRKPA dünyasında biznes mühitini yaxşılaşdıracaq bir sıra ortaq qanunların qəbul olunmasına maraq doğurur. Bu həm də bizim dövlətimizin uzunmüddətli strategiyamıza uyğun olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində Azərbaycanda gölürən işlərə də müəyyən dərəcədə faydalı ola bilər. Çünki qeyri-neft sektorunun inkişafı prioritet məsələ kimi Azərbaycan dövlətinin qarşısında durur və bu istiqamətdə də qanunvericiliyin bu işə kömək etməsi olduqca vacibdir. Qanun real ictimai münasibətləri tənzimləyir və bu münasibətlər sıxlaşdıqca, cəmiyyət həyatının əsas prioritetinə çevrildikcə qanun bunu izləməlidir, bununla ayaqlaşmalıdır və buna yol açmalıdır ki, bu sahə inkişaf etsin. Kiçik sahibkarlara dövlət köməyi haqqında 4 iyun 1999-cu il tarixində qanun qəbul olunmuşdur. Təbii ki, o vaxtki biznes mühiti ilə 20 il sonrakı biznes mühiti eyni deyil. Bu qanunda da günün şərtlərinə uyğun olaraq düzəlişlər edilmişdir”.
Abutel İlhamqızı