Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. Bayrama qədər xalqımız 4 çərşənbəni qeyd edir. Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Aşıqlar da vücudnamələrində "Ab, atəş, xak, badan yarandım" deyiblər, yəni insan su, od, torpaq və yelə bağlıdır. Birinci su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir. Od çərşənbəsində tonqallar qalanır. Hər ailə üzvünün adına bir şam yandırılır, xonçalar düzəldilir. Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.
Novruz bayramında xüsusi şirniyyatlar bişirilir. Çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Hər bir bişirilən şirniyyatlar bir səma cisimlərinə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir. Kosa və Keçəl Novruz atributlarıdır. Keçəl qışı, Kosa isə yazı tərənnüm edir. Bu gün artıq Novruz bayramının ilk çərşənbəsi Su çərşənbəsi qeyd olunur. Bu çərşənbəni "Yalançı", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Su ilə bağlı folklorumuzda maraqlı olan inanclarla rastlaşırıq. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Süfrəyə su dağılması aydınlıqdır, Su içən adamı qəfil vurmazlar, Su içən adamı ilan çalmaz, Lal axan sudan keçərkən suyum irəlilə deyərlər, Su olan yerdə dirilik olar, Su murdarlıq götürməz və s. Əlbəttə ki, bu inaclar suyun təmizliyinə, saflığına olan inamdan irəli gəlir.
Su çərşənbəniz mübarək!
Zümrüd BAYRAMOVA