AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Pensilvaniya Universitetinin professoru Lauren Ristvetin rəhbərliyi ilə muxtar respublikanın Sədərək rayonunda, qədim Kültəpə yaşayış yerində aparılan arxeoloji tədqiqatlar zamanı Cənubi Qafqazda Dəmir dövrünün ən böyük və ən qədim şəhər yeri aşkarlanıb.
Diaspor info xəbər verir ki, şəhərin daş döşəməli küçələri və bu küçəyə birləşən böyük ictimai binalarının bir qismi artıq üzə çıxarılıb.
Vəli Baxşəliyev qeyd edib ki, topoqrafik ölçmələrə əsasən, şəhər düzənlik ərazidə salınıb və 20 hektar ərazini əhatə edib. Karbon analizlər şəhərin Miladdan öncə IX əsrdə urartuların Cənubi Qafqaza yürüşlərindən əvvəl salındığını, buranın zəngin və sakit həyata malik olduğunu göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tarix və mədəniyyət abidələrinin öyrənilməsi ilə bağlı arxeoloji ekspedisiyaları davam etməkdədir.
AMEA Naxçıvan Bölməsi və ABŞ-ın Pensilvaniya Universitetinin birgə təşkil etdiyi arxeoloji ekspedisiya 2006-cı ildən Naxçıvanda arxeoloji tədqiqatlara başlayıb. İndiyədək dünya arxeologiyasında bir çox elmi yeniliyə imza atan ekspedisiya bu il mayın 24-dən Sədərək rayonunda, qədim Kültəpə yaşayış yerində tədqiqatlar aparır.