Azərbaycan mətbuatı 147 ildir ki, yaranıb və bu 147 ildə mətbuatımız çox keşməkeşli yol keçib”. Bu fikirləri Diaspor info-ya açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib.
Onun sözlərinə görə, milli mətbuatımızın yaranması Həsən bəy Zərdabinin adı ilə bağlı olub: “Bununla da Azərbaycanda ilk dəfə anadilli mətbuat orqanını yarandı. O gündən bu günə qədər Azərbaycan mətbuatı, jurnalistikası və fədakar jurnalistlər Azərbaycan dövlətinin maariflənməsinə, informasiya almaq imkanlarına xidmət edir. Dövlət quruculuğu prosesində jurnalistlərin çox böyük xidmətləri olub. Azərbaycan mətbuat tarixinin müxtəlif mərhələri vardır. İlkin mərhələ “Əkinçi” qəzetinin yaranması ilə başlayır. Sonrakı dövrlər 1905-1918-ci illəri əhatə edir. Bu dövrdə də Azərbaycanın çoxsaylı qəzetləri nəşr olunmağa başladı və jurnalistika sahəsi tam formalaşma mərhələsinə keçdi. 1918-1920-ci illərdə Cümhuriyyət dövrünə nəzər salsaq mətbuata yeni bir baxışın, yanaşmanın formalaşdığını görərik. Bu dövrdə Azərbaycan mətbuatı milli şüurun, milli ordunun, həmçinin təhsil sisteminin formalaşmasına öz töhfələrini verib. Sovetlər dönəmində də Azərbyacan jurnalistləri milli şüurun işartıları altında öz fəaliyyətlərini davam etdirdilər.
Jurnalistikanın növbəti mərhələsi isə 1998-ci ildə senzuranın ləğvi ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə senzura ləğv edildi. Bununla da Azərbaycan mətbuatının yeni mərhələsi başladı. 2000-ci illərdən sonra mətbuatda alternativ internet mediası anlayışı yarandı. Mətbuat özünün yeni bir mərhələsini yaşayır. İnternet mediası jurnalistlərin hazırladığı bir xəbərin, yazıların sərhədsiz şəkildə yayılmasına təkan verir. Hazırda mətbuatımız Azərbaycanın informasiya təhlükəsizliyini, milli maraqlarını öndə tutaraq öz fəaliyyətini davam etdirir. Bu peşa bayramı münasibətilə bütün həmkarlarımı təbrik edirəm”.
Müəllif: Abutel İlhamqızı
181