İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Səudiyyə Ərəbistanı Krallığının İdman Nazirliyi ilə birgə sentyabrın 7-9-da Ciddə şəhərində İslam Gənclər və İdman Nazirləri Konfransının (ICYSM) “Ümmət üçün gənclərin və idmanın inkişafı” mövzusunda V sessiyasını keçirəcək.
İƏT-in Baş Katibliyində Diaspor info-ya bildiriblər ki, konfransda İƏT-ə üzv ölkələrdə gənclərin vəziyyəti, bu təşkilatın müvafiq struktur və institutlarının gənclərin və idmanın inkişafına qayğısının müzakirəsi planlaşdırılır. Sessiyada sabitlik, tərəqqi, inkişaf naminə əlverişli şəraitin təmin edilməsi və terror təşkilatları tərəfindən edilən ekstremist və zorakılıq ideyaları ilə mübarizə məqsədilə gənclərin bacarıqlarının artırılması və onların cəmiyyət həyatında rolunun artırılması, dialoq, tolerantlığın təşviqi ilə bağlı fikir mübadiləsi aparılacaq.
İƏT-ə üzv ölkələrin gənclər və idman nazirləri, həmçinin gənclər və idman sahəsində birgə fəaliyyətini təşviq etmək məqsədilə təşkilatın gənclər və idmanın inkişafı üzrə rəhbər strategiyalarının həyata keçirilməsi üzrə öhdəlikləri müzakirə edəcəklər.
Konfransda İslam İnkişaf Bankı (IdB), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), İƏT-in Qadın İnkişafı Təşkilatı (WDO) başda olmaqla, təşkilata üzv dövlətlərin gənclər və idman sahəsində çalışan qurumlarının, habelə İslam Ölkələri Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Tədris Mərkəzi (SESRIC), Ticarətin İnkişafı üzrə İslam Mərkəzi (ICDT), İslam Həmrəyliyi İdman Federasiyası (ISSF), İslam Əməkdaşlıq Gənclər Forumu (ICGF) və Beynəlxalq Müsəlman Skautlar İttifaqının (IUMS) fəaliyyətləri nəzərdən keçiriləcək.