Gülüstana dönən Naxçıvanımızı qürurla paylaşanlar
Və ya iblis donlu “jurnalistlər”
Son günlər sosial şəbəkələrdə Naxçıvana qarşı sifarişli “aktivlik” müşahidə edilir. Bu aktivliyi nəyə “borclu” olduğumuz bir ayrı mövzudur.
Həmkarım Sara Əzimova imzası Naxçıvandan olub Naxçıvanı bəyənməyənlərin gündəmini zəbt edib. Əcəba nədən? Sara Əzimova imzası Azərbaycan mətbuatında öz yerini almış bir imzadır. Və bu imza illərdir ki, Azərbaycanın, ələlxüsus da onun ayrılmaz parçası olan Naxçıvanımızın inkişafının, düşmənlərlə mübarizəsinin, bir sözlə haqq səsinin dünyaya çatdırılmasına xidmət edib. Onun yazıları tək ölkə mətbuatında deyil, xarici mətbuatda da dərc olunub və yalnız bir məqsəd daşıyıb. O məqsəd heç vaxt heç bir halda dəyişilməyib və dəyişilməyəcəyinə də adım qədər əminəm. Fizioloji baxımdan “kişi” adını “daşımaq” məcburiyyətində olanlardan vətəndaşlıq mövqeynə və cəsarətinə görə qat-qat üstün olan Sara Əzimovanın təltifləri öz əməyinin bəhrəsi olub. Zamanla tənqidi yazılarla da çıxış edib. Yəni doğrusu, Sara xanımın müdafiəyə və ya boşboğazlara nəyisə sübut etməyə ehtiyacı yoxdur. Ona görə yazımı uzatmaq istəmirəm. Bütün fəaliyyət göz önündədir.
Adamlar bununla kifayətlənməyib muxtar respublika mediasının formalaşması və inkişafında birbaşa rol oynayan insanları ləkələməyə cəhd edir və bu yolda ən çirkin üsullara əl atırlar. Saxta adlarla kiminsə şəklini paylaşmaq və şər yaxmaqla hansısa arzulanan nəticəyə varmaq təbii ki, qeyri-mümkündür və bu, hansısa fakta dayanmır, sadəcə içdəki şəxsi nifrətin təzahürüdür. Məsələn, bu gün muxtar respublikanın ən böyük kütləvi informasiya orqanı olan Naxçıvan teleradiosu Azərbaycan teleməkanında maddi-texniki bazası, yaradıcı gücü və çəkisi ilə fərqlənənlər siyahısındadır. Bu fərqi yaradanlara qara yaxmaq, ən azı nankorluqdur. Uzun illərin televiziya işçisi olaraq deyə bilərəm ki, bu inkişaf gözlərim önündə baş verib.
“Naxçıvanda baş verən hadisələr, bölgədə yaşayan əhalinin problemləri ictimailəşdirildikcə muxtar respublika rəhbərliyinin jurnalistlərə, ictimai fəallara qarşı aqressiyası daha da güclənir. Trol şəbəkəsinin apardığı təhqir kampaniyası sübut edir ki, Naxçıvanla bağlı səsləndirilən tənqidi fikirlərə onların verəcək cavabları yoxdur. Sadəcə olaraq, belə iyrənc metodlarla muxtar respublikadakı qanunsuzluqları, özbaşınalıqları ifşa edən, haqqını tələb edənləri susdurmağa çalışırlar”,- deyə yazan Tural Səfərov bir zamanlar muxtar respublikada yaxşı vəzifələrdə mövqe tutub. Yəni etimad göstərilib. İndi başqa adlarla saxta profil açıb muxtar respublikanın zəhmətkeş qələm sahiblərinin şan-şöhrət, pul üçün calışdığını deyənlər əslində özlərini təqdim edirlər. Sual olunur? Əgər deyilən kimi, muxtar respublikada qanunsuzluqlar, özbaşınalıqlar var idisə, nə əcəb vaxtında səsini çıxarmırdın? Şan-şöhrət, pul başını qatmışdı ya necə? Ya kreslo əqidəni tənzimləyir? İndi ayıldın ki, eyvah, Naxçıvan bərbad gündədir və onu ancaq Heydərlə sən xilas edə bilərsən? Naxçıvanın dərdini çəkən yaxşı oğlan elə Naxçıvanda oturub mübarizəsini davam edər! Ona buna “qara pişik”lik eləməz. Bir xanımı kişilik adına hörmət edən şantaj etməz və ya müxtəlif saxta adlarla başqalarına şər-şamata yaxmaz! Naxçıvan ictimaiyyəti bilsin ki, feyzbukda “Rza Murad”, “Furda Gameo” və bu kimi digər saxta hesablar şəxsən Tural Səfərovun özü tərəfindən idarə edilir və bu hesablardan istifadə etməklə Sara Əzimova, Rafael Əliyev, Mirsənani Seyidov, Mənşur Gülməmmədli, Zəbur Bağırov, Sahil Tahirli, Mahir Əliyev, Vüqar Abbasov, Natəvan Qədimova, İsmayıl Qəribli və digər rəsmi şəxslər barədə saxta, yalan məlumatlar, rüsvayedici foto və videolar, şəkillər paylaşaraq böhtan atır, ləkə yaxmağa çalışır. Şəxsən özüm məhkəməyə bu gün müraciət edəcəm. Biz hüquqi dövlətdə yaşayırıq və bu cür qanunazidd əməllər birbaşa cinayət məsuliyyəti yaradır. Ona görə də belə kampaniyaçılara qarşı mən də məhkəməyə müraciət edəcəyəm.
Bir zamanlar “Şərq qapısı” qəzetinin əməkdaşı olmuş, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova yazır: “Naxçıvanda yaşayarkən rəhbərliyin yaratdığı münbit şəraitdən ən gözəl şəkildə istifadə edən, yüksələn, ev alan, onu satıb başqa ev alan, maşın alan, cibinə pulları qatlayıb yığan, hər gün rəhbərliyə mədhiyyələr oxuyan, bizim-gənclərin qanımızı içən biri indi gəlib Bakıya Naxçıvan rəhbərliyi haqda anti-təbliğat aparır. Araşdırsanız görərsiniz ki, uzun illər əslində indi tənqid etdiyi məsələləri, yüksək təriflə ilk öncə onun özü səsləndirirdi. Sadəcə ayıbdı. Ən azından o adam sənə dəstək olmuşdu. Bəli, bəli sənə! Demirəm ha kimdi düz, kimdi səhv. Sadəcə bilirəm ki, sən xaraktersizsən!”
Araşdırmağa ehtiyac yoxdu, hamısı yadımızda və “Şərq qapısı”nın silinməyəcək “yaddaşında”. 2017-ci ildə “Naxçıvan dünya mətbuatında” kitabının “Şərq qapısı” qəzetinin redaksiyasında keçirilən təqdimat mərasimində Tural Səfərovun çıxışından bir hissə: “Təqdimat mərasimi Naxçıvanın muxtariyyət statusu qazanmasının 93-cü ildönümünə təsadüf edir. Muxtariyyət Naxçıvanın ən böyük sərvətidir və bugünkü Naxçıvan ötən illər ərzində bunun bəhrələrini görüb. Son 20 ildə isə doğma diyarımız inkişaf və tərəqqisinin yeni dövrünü yaşayır. Qısa zaman kəsiyində Naxçıvan əsrlərə bərabər inkişaf yolu keçib. Naxçıvanın beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilməsi, qədim diyarımızda müasir turizm infrastrukturunun yaradılması muxtar respublikaya gələn xarici qonaqların sayını artırıb. Son illər Naxçıvana gələn dünyanın tanınmış ictimai xadimləri, jurnalistləri muxtar respublikanın inkişafına, burada yaradılan sabitliyə heyranlıqlarını bildiriblər, dünyanın nüfuzlu mətbuat orqanlarında qədim diyarımız barədə yazılar çap etdiriblər.” Və s. və ilaxır...
Əziz oxucular, indi bildinizmi gülüstana dönən Naxçıvanımızı qürurla təbliğ edənlər nədən iblis donunu geymiş “jurnalist”lərin hədəfindədir?
Ruhiyyə Rəsulova, “Tərəqqi” medallı jurnalist