Xalq şairi Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çoxu onun yaradıcılığında əksini tapıb. Məmməd Araz özü də şeirlərində bunu dəfələrlə etiraf edib. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.
Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.
Diaspor info xəbər verir ki, bu gün Xalq şairi Məmməd Arazın vəfatından 19 il ötür. Böyük sənətkarın təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarıb, Azərbaycan fəlsəfi və siyasi lirikası onun dühası hesabına daha da zənginləşib.
Məmməd Araz böyük poetik ilhama malik olan sənətkarlardan idi. Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib.
1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açan Məmməd Araz ilk təhsilini həmin kənddə alıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və İncəsənət” qəzetində baş redaktorun müavini işləyib. 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub.
Böyük sənətkar 2004-cü il dekabrın 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.yüksək dəyərləndirərək deyib: “Bu gün bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının nə qədər böyük əhəmiyyəti var”. Ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Araz, Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır”.
Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.
Hər bir şeiri, hər bir misrası ədəbiyyatımızın, yaddaşımızın, bütövlükdə xalqımızın söz xəzinəsinin incisi sayılan və sağlığında xalqının şairi olan Məmməd Araz öz orijinal fikirləri, poetik düşüncə və tapıntıları ilə daim yaşayacaq.