Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında
ABŞ-nin Nyu York şəhərində yerləşən “Okeana” Teatrında “İpək Yolu – 2026” adlı beynəlxalq mədəniyyət festivalı keçirilib.
Festival Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun, Azərbaycan-Amerika Təşkilatları Alyansının dəstəyi, “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlovanın təşkilatçılığı ilə baş tutub.
Festivalın əsas məqsədi müxtəlif icmalar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, mədəni irsin qorunması və gənc nəsildə dünya mədəniyyətlərinin müxtəlifliyinə hörmət hissinin formalaşdırılması olub.
300-dən çox iştirakçının qatıldığı tədbirdə Azərbaycan, Çin, Monqolustan, Gürcüstan, İrlandiya, İspaniya, Özbəkistan, Tacikistan və digər ölkələrin mədəniyyətləri, milli adət-ənənələri, musiqi və rəqsləri nümayiş etdirilib.
“My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin yetirmələrinin ifasında “Azərbaycan”, “Nəlbəki”, “Yallı” və Qafqaz rəqsləri böyük maraq, alqışlarla qarşılanıb. Gənc soydaşlarımızın parlaq çıxışları qonaqları ölkəmizin zəngin mədəniyyəti ilə daha yaxından tanış edib.
Filadelfiyadan Arifə Axundovanın rəhbərlik etdiyi “Qafqaz” ansamblının ifasında Azərbaycanın milli rəqsi “Cəngi” festivala xüsusi rəng qatıb.
Festivalda Nyu York şəhərinin baş maliyyə nəzarətçisi Mark Levin və Nyu York ştatının senatoru Stiv Çan bu tədbirin müxtəlif mədəniyyətləri və xalqları bir araya gətirən əhəmiyyətli bir platforma olduğunu vurğulayıblar.
Nyu York Ştat Assambleyasının üzvü Uilyam Kolton isə mədəniyyətlərarası əməkdaşlığın möhkəmləndirilməsi və müxtəlif mədəni təşəbbüslərin həyata keçirilməsinə göstərdikləri dəstəyə görə festivalın sponsor və tərəfdaşlarına təşəkkürnamələr təqdim edib.
İştirakçılar istedadlarına və öz xalqlarının mədəni irsinin qorunmasına verdikləri töhfəyə görə rəsmi sertifikatlarla təltif olunublar.
Festival Azərbaycan ilə ABŞ arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, Azərbaycan mədəniyyətinin tanıdılmasına və Azərbaycan diasporunun gənc nəsli arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına töhfə verib.





