Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır.
Diaspor info-nun məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq. Beləliklə, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın səlahiyyətlərini bu qurum yerinə yetirəcək. Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr də verilir. Yeni hüquqlar aşağıdakılar olacaq:
- media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;
- dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi və qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək;
- jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə tədbirlər (təlimlər, seminarlar və s.) həyata keçirmək, həmçinin media nümayəndələri üçün müsabiqələr təşkil etmək;
- əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək;
- audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək;
- cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək;
- media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək, bu məqsədlə müsabiqələr keçirmək;
- nəzərdə tutulan müsabiqə qaydalarını təsdiq etmək;
- media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görmək;
- dezinformasiyanın yayılmasının qarşısının alınması, o cümlədən onun aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görmək;
- dezinformasiyanın yayılması risklərinin azaldılması və nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə operativ əlaqələndirmə mexanizmlərini qurmaq və fəaliyyətini təmin etmək;“Media haqqında” qanunda təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.