Bu gün 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat və dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı isə dillər əzbərinə çevrilib. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırkı Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndərimiz xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq, həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
Yorulmaz fəaliyyəti ilə Dahi Öndər Heydər Əliyev siyasi fəlsəfəsinə, Onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının "Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında" 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb.
2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilib, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşüb.
Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda "Dünya Azərbaycanlılarının Xartiyası"nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Azərbaycan Prezidenti İlham Əliyev dünya azərbaycanlılarına ünvanladığı təbrik məktubunda vurğulanır ki, ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi gün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edilir.
Bu gün ölkəmiz inkişaf etmiş və dünya ölkələri arasında böyük nüfuz qazanmış bir dövlətə çevrilmişdir. "Bu gün Azərbaycan dövləti müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur" deyən Cənab Prezident bir çox qlobal transmilli və regional layihələrin təşəbbüskarı və iştirakçısı olan ölkəmizin dünyanın enerji təhlükəsizliyinə sanballı töhfələr verməklə, regionda mühüm tranzit və logistika mərkəzinə çevrildiyini diqqətə çatdırır: "Zəngin təbii resurslarımız və iqtisadi potensialımız Azərbaycanın geostrateji mövqelərinin daha da güclənməsinə etibarlı zəmin yaradır və biz bu istiqamətdə ardıcıl siyasətimizi davam etdirəcəyik. Sosial-iqtisadi, siyasi-hüquqi sahələrdə və dövlət idarəetməsində həyata keçirilən sistemli islahatlar, milli müstəqillik ideallarına sadiq, müasir dünyagörüşlü gənclərimizin bu prosesə daha fəal cəlb edilməsi bizi inamla qarşıya qoyduğumuz inkişaf strategiyasının hədəflərinə yaxınlaşdırmaqdadır. Uğurlu siyasətin nəticəsidir ki, ölkədə möhkəm ictimai-siyasi sabitlik və milli-mənəvi həmrəylik təmin edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır".
Dövlət başçısı təbrikində bu il ərizində ölkəmiz üçün əlamətdar olan hadisələrə də nəzər salıb. Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda "Nəsimi İli"nin elan edilməsi ictimai-mədəni həyatımızın builki əlamətdar səhifələrindən biridir. "Nəsimi İli" çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda keçirilmiş rəngarəng tədbirlər Azərbaycan mədəniyyətinin ümumbəşəri əhəmiyyətinin daha bir nümayişi olmuşdur.
Cənab Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və ərazi bütövlüyümüzün bərpasının taleyüklü bir vəzifə olaraq qarşıda durduğunu da bildirib: "Dövlətimizin iqtisadi-hərbi qüdrəti, beynəlxalq aləmdə getdikcə güclənən mövqelərimiz və fəal siyasi-diplomatik səylərimiz bu ağrılı problemin Azərbaycanın milli maraqlarına uyğun həlli üçün səfərbər edilmişdir. Son illər ordumuzun cəbhədə qazandığı uğurlar da göstərir ki, əzəli və əbədi Azərbaycan torpağı Qarabağın düşmən tapdağından azad ediləcəyi və tarixi ədalətin zəfər çalacağı gün uzaqda deyildir".
Bu gün ölkəmiz özünün yeni bir inkişaf dövrünü yaşayır. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirirlər. "Ümidvaram ki, harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər" deyən Azərbaycan Prezidenti bildirib ki, xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tutacağına inanıram.