ADPU: Təhsildə distant formanın ən qabaqcıl nailiyyətləri tətbiq edilir
Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin dayandırıldığı nəzərə alınaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsilin davamlılığının təmin edilməsi məqsədilə təhsil proqramlarının məsafədən mənimsədilməsi işləri təşkil olunub.
DİASPOR.İNFO Universitə istinadən bildirir ki, artıq martın 10-dan başlayaraq ADPU, onun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) və ölkənin müxtəlif regionlarında yerləşən universitetin Şəki, Quba, Şamaxı, Ağcabədi və Cəlilabad filialları da daxil olmaqla müasir İKT-nin mümkün imkanlarından istifadə edilməklə tədris materiallarının tələbələrə elektron formada çatdırılması təmin edilib.
ADPU-da müxtəlif ixtisaslarda tədris olunan fənlərin xarakterindən və tələbələrin mövcud imkan və istəyindən asılı olaraq müxtəlif üsullardan istifadə edilərək distant və ya onlayn formada tədrisin təşkili istiqamətində dərslərə start verilib. Bu məqsədlə də "Zoom video" rabitə, "Microsoft", "Teams", "Skype" proqramı, "e-poçt" xidmətindən istifadə, hazır video dərslərin tələbələrə çatdırılması, "Youtube" kanalına video dərslərin yerləşdirilməsi, müxtəlif sosial şəbəkələr və xəbərləşmə platformalarının imkanlarından istifadə etməklə elektron tədris resurslarının tələbələrə çatdırılması, TV kanalları ilə telemühazirələrin təşkili və sair istiqamətdə geniş işlər görülüb və bu çalışmalar bu gün də davam etdirilir.
Hazırda universitet bütün resurslarını səfərbər edib və malik olduğu elektron tədris platformasının funksionallığını artıraraq tələbələrin ixtiyarına verib. Nəticədə bu müddət ərzində elektron formada təşkil olunan dərslərə tələbələrin qoşulması daha da aktivləşib.
Tədrisin məsafədən təşkili bakalavr səviyyəsi ilə bərabər magistratura səviyyəsində təhsil alan tələbələri də əhatə edir. Hazırkı dövrdə ADPU-nun Bakı şəhərində yerləşən fakültə və digər şöbələrində təhsil alan bakalavr tələbələrinin və o cümlədən magistrantların 91 faizinin (ADPU və filialları ilə birlikdə 94 faiz) elektron tədris materialları ilə təmin edilməsi, habelə, 65 faiz tələbənin (ADPU və filialları ilə birlikdə 71faiz) isə onlayn formada keçirilən dərslərə qoşulması mümkün olub. ADPU-nun nəzdində fəaliyyət göstərən ADPK-da tələbələrinin elektron tədris materialları ilə təmin edilməsi başa çatdırılıb və onlayn formada keçirilən dərslərə kollecin tələbələrinin 49 faizinin qoşulması mümkün olub.
Ümumilikdə ADPU, onun nəzdində fəaliyyət göstərən ADPK və universitetin bütün filiallarında təhsil alan tələbələrin 66 faizinin onlayn formada keçirilən dərslərə qoşulmasına nail olunub və 97 faiz tələbənin elektron tədris materialları ilə təmin edilməsi mümkün olub. Bütün bunlarla yanaşı, onlayn dərsdə iştirak edə bilməyən tələbələr də nəzərə alınaraq dərslərin böyük əksəriyyətinin video qeydiyyatı aparılır ki, bu da internet imkanları məhdud olan ADPU tələbələrinin daha sonradan həmin dərs materiallarını izləməsinə imkan yaradacaq.
Hazırki dövrdə təhsil proqramlarının distant və ya onlayn formada mənimsənilməsinə daha çox tələbənin cəlb edilməsi əsas vəzifə kimi qarşıya qoyulub. ADPU-da tədrisin məsafədən aparılması bundan sonra da davam etdiriləcək. Pedaqoji kadrların hazırlanması sahəsində təhsildə distant formanın ən qabaqcıl nailiyyətlərinin tətbiq olunması layihələrinin işlənib hazırlanması nəzərdə tutulur.