Ekspert növbəti tədris ilində tətbiq edilməli qaydalardan danışdı ÖZƏL - AÇIQLAMA
"Təhsildə hibrit modeli hal-hazırda ən uyğun modeldir, lakin, gərək şagirdlərin hamısı texniki resurslarla təmin edilsin". Bu sözləri DİASPOR.İNFO -ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov, növbəti tədris ilində tətbiq edilməsi vacib olan qaydalardan danışarkən deyib.
Onun sözlərinə görə, bütün hallarda sinifdə şagird sıxlığına xüsusi diqət yetirmək lazımdır, xüsusilə də, ibtidai siniflərdə şagird sayını 20-dən, digər siniflərdə 15-dən çox olmasına imkan vermək olmaz: "Bütün bunlarla yanaşı isə zəruri tibbi-sanitar normalar gözlənilməli, məktəblər mütəmadi olaraq dezinfeksiya edilməlidir. Fiziki tərbiyə və həyat bilgisi dərsləri mütləq keçirilsin. Həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətləri daxil edilsin. Bu fənlər, xüsusilə də, fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq tədris oluna bilər".
Ekspert vurğulayıb ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə şagirdlərin məktəb binasına müxtəlif girişlərdən daxil olmasını təmin etmək üçün mövcud olan bütün giriş qapılarından istifadə qaydaları (fərqli siniflər və fərqli otaqlar) müəyyən edilməlidir: "Düşünürəm ki, dərsləri 1 sentyabrdan başlamalı, bütün sentyabr ayı boyunca əvvəlki ilin materialları təkrarlanmalı, yalnız oktyabr ayından yeni sinifin materiallarının keçirilməsinə başlamaq lazımdır. Hesab edirəm ki, bu sahə üçün ilk növbədə qanunvericilik bazası yaradılmalı, ondan sonra digər texniki işlər görülməlidir".
Kamran Əsədov deyib ki, bunlardan başqa dərs başlayarkən məktəbdə aşağıdakılara diqqət yetirilməlidir:
1. Məktəb heyəti müvafiq qoruyucu vasitələrlə (lazım olduqda xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska, dezinfeksiya vasitələri) təmin olunsun.
2. Bədən hərarəti yüksək olan şagirdlər məktəbdəki həkimin rəyinə uyğun olaraq məktəbə buraxılmasın.
3. Qapıda qızdırmaölçən cihaz və dezinfeksiya aparatı qoyulsun, hər kəs ondan məcburi istifadə etsin.
4. Şagirdlərin dərs başlayarkən və dərs yekunlaşarkən əllərini sanqovuşaqda yuması təmin edilsin. Bunun üçün məktəbdə infrastruktur qaydaya salınsın.
5. Məktəb həyəti və məktəb daxilində şagirdlərin bir yerə toplaşması qadağan olunsun.
Onun şagirdlərlə bağlı tövsiyələri isə bunlardır:
1. İctimai nəqliyyatdan mümkün olduqca daha az istifadə etsinlər.
2. Məktəbə gələrkən tibbi maska və üz sipərindən istifadə etsinlər.
3. Şəxsi əşyalarını digər şəxslərlə, sinif yoldaşları ilə paylaşmaqdan çəkinsinlər.
Təhsil üzrə mütəxəssis sonda qeyd edib ki, təhsildə hibrit modeli hal-hazırda ən uyğun modeldir, lakin, gərək şagirdlərin hamısı texniki resurslarla təmin edilsin.
Qeyd edək ki, hibrit modeli ənənəvi (məktəbə gəlib-getməklə) aparılan təhsil üslubu ilə distant (onlayn) dərslərin bir arada keçirilməsini dəstəkləyən metoddur.
Müəllif: Nigar Məmmədova