İnflyasiyanın törətdiyi ən böyük fəsad ərzaq qiymətlərinin yüksəlməsi ilə əlaqədardır. Təbii ki, inflyasiya digər sahələrə də böyük təsir göstərir. Ancaq bu gün gözəgörünən, diqqətçəkən məsələ ərzaq məhsullarının qiymətinin son 10 ildə 21 faiz artmasıdır. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. Bundan əlavə, dünyanın ayrı-ayrı iqtisadi, institusional təşkilatları da bu haqda məlumatlar verirlər. Əslində, inflyasiyanın baş verməsi gözlənilən proses idi. Çünki son iki ildə pandemiyanın törətdiyi ağır fəsadlardan biri məhz istehsal sahəsində fasilələrin yaranmasına, eyni zamanda, texnoloji proseslərin ləng inkişaf etməsinə səbəb oldu. Eyni zamanda, logistik əlaqə sxemlərinin dayanması da inflyasiyaya gətirib çıxaran səbəblərdəndir. Bu gün dünyada qlobal pandemiyanın təhdidləri qarşısında iqtisadi kataklizm hökm sürür. Siyasi kataklizm iqtisadi fəlakətləri şərtləndirən amillərdəndir. Bu gün yaranmış geosiyasi vəziyyət nəticəsində ABŞ-la Çin arasında böyük ticarət savaşı da qiymət artımını şərtləndirir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov bildirib.
Deputat deyib ki, dünya bazarlarında yaranan qiymət artımı Azərbaycana da təsirsiz ötüşmədi. Belə ki, dünyada baş verən proseslər nəticəsində ərzaq məhsullarının, xüsusilə un və un məmulatlarının qiyməti artıb. Amma dövlətimiz bunun qarşısının alınması istiqamətində var qüvvəsini səfərbər edib. Bu istiqamətdə ciddi işlər həyata keçirməkdədir. Baş verə biləcək növbəti qiymət artımının qarşısını almaq üçün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən xüsusi tədbirlər planı hazırlanır. Həmin plana subsidiyaların verilməsi, istehsal sahələrinə vergi güzəştlərinin tətbiqi, eyni zamanda, vergi yoxlamalarının dayandırılmasını qeyd edə bilərik. Həmçinin kənd təsərrüfatının inkişafı üçün bu istiqamətdə tətbiq edilən güzəştlər Azərbaycanda növbəti qiymət artımının qarşısını almağa yönəlmiş tədbirlərdir. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərimizdə iqtisadi sahəni inkişaf etdirmək, istehsalatı yüksəltmək üçün ciddi işlər görülməkdədir. Qarabağda, Şərqi Zəngəzurda əkinəyararlı torpaq sahələri var. Bu ərazilər torpaqlarımız işğal olunmamışdan əvvəl ölkəmizin taxıl tədarükünün 11 faizini təşkil edirdi.
“Dünyada baş verən qlobal proseslər, liberal bazar iqtisadiyyatının dəyişməsi digər ölkələr kimi, Azərbaycana da təsirsiz ötüşmədi. Amma qeyd etmək olar ki, qiymət artımı ilə bağlı kataklizmlər ölkəmizdən yan keçəcək. Çünki Prezident İlham Əliyev bununla bağlı göstərişlər verib, bu istiqamətdə ciddi işlərin görülməsi üçün dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Bu gün ölkəmizdə böyük quruculuq işləri aparılır, suvarma sistemlərindən maksimum dərəcədə istifadə olunur. Həmçinin əkinəyararlı torpaqlarda dənli bitkilərin becərilməsi mütəmadi şəkildə həyata keçirilir. Biz kənd təsərrüfatının inkişaf etdirilməsi üçün atılan addımlara nəzər salsaq, Şəmkirçay su anbarının istifadəyə verilməsini bu istiqamətdə mütərəqqi hadisə adlandıra bilərik”, - deyə İ.Məmmədov əlavə edib.Vurğulanıb ki, torpaqlarımızın azad edilməsindən sonra Suqovuşan su anbarından istifadəyə verilməsi nəticəsində Bərdə, Tərtər, Ağdam, Yevlax rayonlarının ərazilərinin böyük hissəsinin suvarılmasındakı çətinliklər aradan qaldırıldı. Bu da kənd təsərrüfatının inkişaf etdirilməsinə təkan verdi. Bu gün ölkəmizdə bütün sahələrin, xüsusilə kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilir.
Azərbaycan dövlətinin qlobal inflyasiyanın baş verdiyi bir zamanında prioritet məqsədi ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlib.