Sankt-Peterburq Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Stanislav Tkaçenko “Caliber” analitik mərkəzinə müsahibəsində Rusiya-Azərbaycan-Ermənistan arasında iqtisadi münasibətlərin vəziyyətinə toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.
- Rusiyaya qarşı sanksiyalar Ermənistanın iqtisadiyyatına təsir edə bilərmi?
- Bu suala düzgün cavab vermək üçün Rusiyaya qarşı hansı sanksiyalardan söhbət getdiyinə aydınlıq gətirmək lazımdır. 2014-cü ildə 3 mərhələdə (mart, iyul və sentyabr aylarında) tətbiq edilən anti-Rusiya sanksiyaları Barak Obamanın təbirincə desək, “Rusiya iqtisadiyyatını parçalamaq” məqsədi daşıyırdı. Demək olar ki, 8 il ərzində belə bir şey olmadı. Rusiya iqtisadiyyatı inkişafını bir az ləngitdi (ildə təxminən 1 faiz), 2 il ərzində (2015-2016) əhalinin həyat səviyyəsi nisbətən aşağı düşdü. Lakin o zaman tətbiq olunan sanksiyaların mənfi nəticələrinin aradan qaldırılması var idi, indi onların təsiri minimuma yaxındır.
Üstəlik, Rusiya ona qarşı yeni ticarət-iqtisadi sanksiyalara hazırlaşmaqla məşğuldur və bu gün çətin ki, heç bir sanksiyalar onun iqtisadiyyatını təəccübləndirsin. Yeni sanksiyalara hazırlığın formalarından biri Ermənistanın yarandığı gündən tamhüquqlu üzvü olduğu Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın sürətləndirilmiş inkişafıdır. Bəzi rus şirkətlərinin Aİİ ölkələrində onlar üçün yeni bazarlara yönləndirilməsi tam sürətlə davam edir, beləliklə, milli iqtisadiyyatın sabitliyini və ABŞ və onun müttəfiqlərinin üstünlük təşkil etdiyi bazarlardan qopmasını gücləndirir.
Odur ki, mümkün yeni sanksiyaların Rusiya-Ermənistan münasibətlərinə və nəticədə Ermənistan iqtisadiyyatına təsiri nəzərə çarpacaq, lakin əhəmiyyətli olmayacaq. İki ölkə arasında qarşılıqlı ticarət ildə 1,7 milyard dolları keçmir və Rusiyanın Ermənistana ixrac etdiyi və istehsalı yeni sanksiyaların təsirinə məruz qala biləcək malların payı demək olar ki, sıfıra bərabərdir. Hətta bu gün bəzi hallarda ticarət ABŞ dolları ilə aparılırsa, o zaman Rusiya şirkətləri üçün hesablaşmalar üçün Amerika valyutasından istifadə etməkdə çətinlik yarandığı halda onu rubla çevirmək Rusiyanın xeyrinə olacaq.
- Hazırda Ermənistan iqtisadiyyatını dirçəltmək üçün hansı addımları ən optimal və effektiv hesab edirsiniz?
- Bu, Ermənistanda hələ də həllini tapmayan fundamental problemdir. O, dayanıqlı və səmərəli institutların (müstəqil məhkəmələr, xüsusi mülkiyyətin və xarici investisiyaların müdafiəsi) yaradılmasından başlamalıdır, daha sonra iqtisadiyyatın dövlət sektorunda islahatların aparılması və bəzi dövlət müəssisələrinin özəlləşdirilməsi proqramı işlənib hazırlanmalı, vergi sistemi və büdcə tarazlığı tənzimlənməlidir. Təbii ki, sərhədlərin, o cümlədən Türkiyə ilə sərhədin və Zəngəzur nəqliyyat dəhlizinin Azərbaycan və Rusiya istiqamətində açılması da Ermənistan iqtisadiyyatının inkişafı ilə bağlı strateji proqramın tərkib hissəsidir.
- Rusiyanın SWIFT banklararası telekommunikasiya sistemindən mümkün qopması Ermənistandakı vəziyyətə mənfi təsir göstərə bilərmi?
- Təbii ki, nəzəri cəhətdən Rusiyanın SWIFT ödəniş sistemindən ayrılması Rusiyanın iqtisadiyyatına və xarici ticarətinə mənfi təsir göstərəcək. Burada iki məqamı qeyd etmək lazımdır.
Birincisi, indiki şəraitdə Rusiyanın SWIFT-dən ayrılması çətin ki, aktualdır. Məsələn, İranın təcrübəsini təhlil etsək, belə bir addım diplomatik münasibətləri kəsməyə bərabərdir. Bu, diplomatik münasibətlər kəsildikdən və tərəflər münaqişə həddinə çatdıqdan sonra davam edə bilər. Bu gün ABŞ və ya Avropada belə bir ssenarini dəstəkləyən bir siyasətçi belə təsəvvür edə bilmirəm. Baxmayaraq ki, sabah hər şey dəyişə bilər.
İkincisi, yuxarıda qeyd etdiyimiz kimi, belə bir addımın mənfi təsiri uzunmüddətli olmayacaq. Planetdə Rusiyanın SWIFT-dən ayrılmasını dəstəkləməyəcək bir çox dövlətlər var. Onlar maliyyə əməliyyatlarının aparılması üçün alternativ yollar yaratmağa çalışacaqlar. Axı Rusiya iqtisadiyyatı bu gün alıcılıq qabiliyyəti paritetinə (4,1 trilyon dollar) görə dünyada 6-cı yerdədir və onda baş verəcək hər hansı zərbə qlobal təsir göstərəcək.
Beləliklə, Ermənistan üçün Rusiyanın SWIFT-dən ayrılması faktoru ekzistensial təhlükə deyil.- Sizcə, anti-Rusiya sanksiyaları Rusiya-Azərbaycan münasibətlərinin iqtisadi komponentinə necə təsir göstərə bilər?
- Şübhə yoxdur ki, yeni sanksiyalar paketinin tətbiqi Rusiya iqtisadiyyatını durğunluğa və ya qısamüddətli resessiyaya apara bilər. Belə olan halda ölkənin iqtisadi potensialı və Azərbaycanın ticarət tərəfdaşı kimi cəlbediciliyi azalacaq. İki dövlətin ticarət dövriyyəsi Rusiya-Ermənistan ticarət dövriyyəsindən təxminən 2 dəfə çoxdur (2021-ci ildə 3 milyard dollardan bir qədər çox). Və iki dövlət arasında iqtisadi əlaqələrin çox sıx olduğunu nəzərə alsaq, Ermənistana qarşı qeyd olunan anti-Rusiya sanksiyalarının bütün mənfi nəticələri Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə təxminən eyni şəkildə təsir edəcək. Bu o deməkdir ki, Rusiya şirkətləri üçün ölkənizin iqtisadiyyatına investisiya qoymaq çətinləşəcək, idxal azalacaq, rublun məzənnəsindəki dalğalanmalar Azərbaycandan olan bəzi potensial tərəfdaşları Rusiyadan qorxudacaq. Düşünürəm ki, Rusiya ilə ABŞ və onların müttəfiqləri arasında münasibətlər qarşılıqlı sanksiyalar mərhələsinə çatmayacaq, tərəflərin münasibətləri isə bütünlüklə diplomatiya müstəvisində qalacaq.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb.