“Azərbaycan Avropa Birliyi ilə 90-ci illərdən enerji sahəsində ciddi lahiyələr həyata keçirir. Son illər ərzində Azərbaycanda böyük investisiyaları nəzərə alsaq ümumi həcminin 80 faizinə yaxınını Avropa ölkələri və Britaniya təşkil edir”. Bu sözləri Diaspor info-ya açıqlamasında iqtisadçı Natiq Cəfəli bildirib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi və Bakı-Tiblisi-Ceyhan lahiyələri Avropa Birliyinin qərb ölkələrinin iqtisadi və siyasi maraqlarını, eyni zamanda Azərbaycanın müstəqilliyini təmin edən əsas lahiyələrdi: “Cənub Qaz Dəhlizinin önəmi ondan ibarətdir ki, tək Azərbaycan qazının yox, eyni zamanda regionda qaz yataqları və resusları olan digər ölkələr də bu lahiyədə çox maraqlıdı. İran, Türkmənistan, İraqın böyükhəcmli qaz yataqları var. Bu ölkələrin gələcəkdə Cənub Qaz dəhlizi lahiyəsinə, “TANAP” və “TAP” lahiyələrinə qoşulması mümkündü. Azərbaycanın özünün resusları elə də böyük deyil. Biz Avropa Birliyini ildə 10-11 milyard kub metr qazla təmin edəcəyik. Avropa Birliyinin ümumi istehlakı 510 milyard kub metrdir. Buna görə də Avropa Birliyi maraqlıdır ki, Cənub Qaz Dəhlizi lahiyəsi genişləndirilsin. Cənub Qaz Dəhlizinin potensial olaraq ildə 35 milyard kub metr qaz nəql etmək imkanı var. Bu artıq böyük həcmdi və Avropa Birliyi üçün həyati əhəmiyyət kəsb edir. Ona görə də Avropa Birliyi ilə Azərbaycan arasında strateji müqavilələrin bağlanması, əməkdaşlığın davam etdirilməsi hər iki tərəfin maraqlarına uyğundur”.
Müəllif: Banuçiçək Hüseynli
190