"2021-ci ilin yekunları bir daha xəbər verir ki, Azərbaycan iqtisadiyyatı artım tempini bərpa edib. Xüsusən də 5%-dən artıq artımın qeydə alınması da nəticə etibarilə Azərbaycan iqtisadiyyatında iqtisadi və sənaye potensialının genişləndirilməsi və daha dərindən istifadə edilməsi anlamına gəlir". Bu sözləri Diaspor info-ya açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu artım xüsusən daha çox qeyri-neft sektoru hesabına baş verir: "Yəni iqtisadiyyat 5,6 % artıbsa, qeyri-neft sektoru 8%-ə yaxın artıb. Bu da ondan xəbər verir ki, qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatında lokomativ rolunu oynamaqdadır. Eyni zamanda işğaldan azad olunmuş ərazilərimiz də ümumi iqtisadi artım tempinə öz töhfəsini verəcək.
Nəzərə alsaq ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfər etmələri bir daha ondan xəbər verir ki, həmin ərazilər daha qısa müddətdə bərpa olunaraq Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək. Bu baxımdan bütün bunlar iqtisadi sosial potensialın balanslı və dayanıqlı şəkildə inkişaf edəcəyindən xəbər verir. Bu kontekstdən də 2022-ci ildə beynəlxalq maliyyə qurumları Azərbaycan iqtisadiyyatının 5%-ə yaxın artıracağını proqnazlaşdırırlar. Bu da kifayət qədər ciddi bir rəqəmdir. Ümumiyyətlə gözlənti ondan ibarətdir ki, 2022-ci ildə Azərbaycan iqtisadiyyatı 4%-dən artıq çoxalacaq".
Arzu Qurbanzadə
173