Diaspor.info-nun AZƏRTAC-a istinadən verdiyi məlumata görə, “EY İlin İş Adamı” müsabiqəsinin nəticələri yaxın günlərdə açıqlanacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “EY Azərbaycan” şirkətinin idarəedici partnyoru İlqar Vəliyev ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə “EY Azərbaycan”ın təşkilatçılığı və KOBİA-nın tərəfdaşlığı ilə ölkəmizdə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinin nəticələrinə dair tədbirə hazırlıq işləri, eləcə də KOB sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edilib ki, dünyanın 60-dan çox ölkəsində keçirilən müsabiqə yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq edir, uğurlarını və təcrübəsini digərləri ilə bölüşməsinə imkan yaradır. Müsabiqənin milli mərhələsi üzrə nəticələr yaxın günlərdə açıqlanacaq. Qalib KOB subyekti ölkəmizi Monte Karloda keçiriləcək “EY World Entrepreneur of the Year” müsabiqəsində təmsil edəcək.