Ötən il respublikada ümumi elektrik enerjisi istehsalı 27855,7 milyon kVt/saat olub və 2020-ci illə (25 811,2 milyon kVt/saat) müqayisədə 2044,5 milyon kVt/saat (7,9 faiz) artıb. 2021-ci ildə respublikada ümumi elektrik enerjisinin istehlakı 23435,6 milyon kVt/saat olub və 2020-ci illə (21969,9 milyon kVt/saat) müqayisədə 1465,7 milyon kVt/saat (6,7 faiz) artıb. Diaspor info-xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən ötən il görülmüş işlərə dair hesabatda bildirilib.
Hesabatda qeyd edilib ki, 2021-ci ildə elektrik enerjisinin istehsalı İES-lərdə 26238,5 milyon kVt/saat, SES-lərdə 1277,3 milyon kVt/saat, digər mənbələr üzrə isə cəmisi 339,9 milyon kVt/saat, o cümlədən KES-lərdə 91,5 milyon kVt/saat, GES-lərdə 55,2 milyon kVt/saat, bio ES-lərdə 193,2 milyon kVt/saat olub. Ötən il elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25037,8 milyon kVt/saat (İES-lərdə 23904,9 milyon kVt/saat, SES-lərdə 1132,9 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 451,0 milyon kVt/saat (İES-lərdə 269,5 milyon kVt/saat, SES-lərdə 130,3 milyon kVt/saat, Günəş ES-də 51,2 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 66,1 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 2300,8 milyon kVt/saat təşkil edib. 2021-ci il ərzində elektrik enerjisinin ixracı 1673,4 milyon kVt/saat olmaqla, 2020-ci illə (1150,7 milyon kVt/saat) müqayisədə 522,7 milyon kVt/saat, idxalı isə 151,6 milyon kVt/saat olmaqla, 2020-ci illə (136,5 milyon kVt/saat) müqayisədə 15,1 milyon kVt/saat artıb. Belə ki, ixrac olunan 1673,3 milyon kVt/saat elektrik enerjisinin 257,5 milyon kVt/saat İranın, 720,6 milyon kVt/saat Türkiyənin, 95,2 milyon kVt/saat Rusiyanın, 600,1 milyon kVt/saat Gürcüstanın payına düşür. İdxal olunan 151,6 milyon kVt/saat elektrik enerjisinin 31,9 milyon kVt/saat İranın, 95,1 milyon kVt/saat Rusiyanın, 24,6 milyon kVt/saat Gürcüstanın payına düşüb. “Azərenerji” ASC və Naxçıvan MR Dövlət Energetika Xidmətinə məxsus İstilik Elektrik Stansiyalarında elektrik enerjisinin istehsalına 5223,5 milyon kubmetr təbii qaz sərf edilib.
2021-ci il ərzində 1 kVt/saat elektrik enerjisinin buraxılışına yanacağın xüsusi sərfi 2020-ci illə müqayisədə 264,1 q/kVt/saatdan 259,8 q/kVt/saata qədər (4,3 q/kVt/saat) azalıb ki, bu da 101,5 min ton şərti yanacağa qənaət deməkdir.