Martın 1-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106008946 ISIN-li, 60 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Diaspor info-nun əldə etdiyi məlumata görə, BFB-dən bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 88.4211 AZN (8.45 faiz) və 98.7893 AZN (4.4354 faiz) olan 20 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98.6113 AZN (4.5 faiz), orta ölçülmüş qiyməti 98.6553 AZN (4.484 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 209 milyon 776 min 200 manat, yerləşdirilmiş həcmi isə 60 milyon manat təşkil edib.
İstiqrazlar 2025-ci il fevralın 25-də ödəniləcək. Hərrac iştirakçıları martın 2-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.