Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar, bununla bağlı yaranmış Qərb-Rusiya qarşıdurması və qarşılıqlı sanksiyalar dünya iqtisadiyyatında, ticarətində, nəqliyyat sistemlərində öz mənfi təsirini göstərməyə başlayır. Artıq neft, qaz, taxıl, daş kömür, aliminum və sair vacib məhsulların qiymətində davamlı bahalaşma sürətlənib. Təbii qazın qiyməti tarixi maksimumu keçərək 2220-dən yuxarı qalxıb. Bu vəziyyət həmin məhsulları idxal edən dövlətlərə ciddi maliyyə itkiləri yaradır, lakin bu məhsulları istehsal və ixrac edənlər üçün gəlirləri artırır.
Yaranmış vəziyyətdə Rusiyanın ixracdan gəlirləri artsa da, Qərbin ona qarşı tətbiq etdiyi geniş sanksiyalar digər sahələrdə ciddi iqtisadi zərər vurur. Rublun məzənnəsi də xeyli aşağı düşüb. Rusiyanın da Avropa və ABŞ-a qarşı əks-sanksiyaları onlara ciddi zərərlər vurmağa başlayıb. Avrozonada istehsalçı qiymətləri indeksi görünməmiş səviyyəyə çatıb- illik bazada 30%-i ötür. Avro da uzuclaşmağa başlayıb. Dolayı yolla mövcud situasiya bütün dünya ölkələrinə öz təsirini göstərir.
Bu vəziyyətdə dünyanın digər iqtisadi güc mərkəzi olan regionun- Çin və Hindistanın əhəmiyyəti daha da artır. Onlar bu vəziyyətdən zərərdən daha çox fayda əldə edəcəklər. Bu prosesdən ən çox qazanclı çıxan ölkənin isə ABŞ olacağını da dünya iqtisadi mərkəzləri qeyd edirlər. Bəs bu proses Azərbaycan üçün siyasi-iqtisadi cəhətdən hansı vəziyyətlər yaradacaq?
Əvvəlcə, siyasi dividentləri qeyd edək. Rusiyanın Qərb istiqamətdə düşdüyü çətin vəziyyət onun üçün cənubun əhəmiyyətini kəskin artracaq. Cənubda Çin və Hindistanla əməkdaşlığın artacağı ilə bərabər, cənub qərbində də eyni olacaq. Rusiya İran vasitəsilə cənub-qərbi Asiya ölkələrinə və Hind okeanı vasitəsilə dünya okeanına daha rahat və birbaşa yol əldə etmək üçün Zəngəzur dəhlizinin açılmasına cəhdlərini artrmağa məcburdur. Artıq Ermənistana təzyiq arıtılıb və Paşinyanın Azərbaycanla sülh müqaviəsi imzalamağa hazır olması bəyanatı bunun göstəricisidir. Rusiya Culfadan İran dəmiryollarına çıxışla böyük bir regiona nəqliyyat şəbəkəsi əldə edir. Həmçinin də bu dəhliz Böyük İpək yolunun cənub şəbəkəsinə qoşulur.
Zəngəzur dəhlizi Azərbaycan üçün həyati əhəmiyyətli, həmçinin Türkiyə və İran üçün iqtisadi əhəmiyyətlidir. Biz Naxçıvana və Türkiyəyə rahat çıxış əldə edəcəyik. Cənub istiqamətə- İrana dəmiryolu çıxışımız (Culfadan) bərpa olunacaq. Azərbaycan Rusiya, Belarus, Gürcüstan, Ukrayna və Qazaxstan üçün Yaxın Şərq ölkələrinə (İran, Türkiyə, Suriya, İraq və s) tranzit korudoru olacaq, həmçinin həmin ölkələrin də Rusiya, Avropa və keçmiş Sovet respublikalarına çıxışı üçün də. Bu isə ölkəmizin siyasi nüfuzunu daha da artıracaq.
İndi isə yaranmış geosiysi sityasiyada Azərbaycanın iqtisadi gəlirləri və itkiləri barədə. Artıq məlumdur ki, qlobal böhrandan müəyyən itkilərimiz olsa da, biz həm də iqtisadi dividentlər əldə edəcəyik. Başda taxıl olmaqla ərzağın, neftin və qazın qiyməti artmaqda davam edir. İlkin qiymətləndirmədə enerji resurslarının ixracından əldə edilən gəlirlərin, ərzaq idxalından itirilən vəsaitlərdən dəfələrlə çox olacağı görünür. Ümumi nəticədə dövlət olaraq qazandığımız itirdiyimizdən çox olacaq. Amma əhali olaraq əksinə ola bilər. Çünki neft gəlirlərinin artması ilə baş verə biləcək maaş və pensiya artımı bahalaşmanı tam kompensasiya edə bilməyəcək. Çünki dünyada taxıl və sair ərzaqların qiymətinin daha artacağı gözlənilir, biz isə ərzaq tələbatımızın yarısını idxal edirik.
Dünyanın ən böyük taxıl istehsalçısı Rusiya olduğuna görə taxıl bazarında gərginlik artıb. Rusiya qarşılıqlı sanksiya tətbiq edərək bir çox ölkələrə taxıl satmaqdan imtina edə bilər. Bu halda taxıl daha da bahalaşacaq. Bizim Rusiyadan taxıl almaq problemimizin olmamasına baxmayaraq, taxılın yeni dünya qiymətinə, əvvəlkindən daha da baha alınması nəticəsində unun və çörəyin qiymətinin bahalaşması qaçılmazdır.
Buna baxmayaraq hökumət çörəyin qiymətinin artmasına imkan verməməlidir. Bunun üçün imkanlar var. Belə ki, taxılın tonu hətta 50 dollar bahalaşsa belə biz ildə təxminən 2 milyon ton taxıl idxal etdiyimizə görə cəmisi 100 milyon dollar zərər edə bilərik. Lakin neft və qazın bahalaşmasından ən azı 1 milyard əlavə gəlir əldə edəcəyik. Demək hökumət taxılda itirdiyinin 10 qatını neft və qazdan qazanacaq. Bu o deməkdir ki, taxılı kompensasiya etsə sadəcə əlavə gəlirlərin 10-da 1-ni sərf edə bilər. Bunun üçün taxıl idxalına subsidiyalar və kompensasiyalar verib ölkə daxilində qiyməti saxlamaq kifayətdir. Qısası çörəyin bahalaşması üçün heç bir əsas yoxdur. Digər ərzaq məhsullarında idxaldan asılılıq elə də böyük deyil, lakin hər bir halda zəruri ərzaq məhsulları istehsalını elə həddə çatdırmalıyıq ki, xarici bazarlarda bahalaşmasınn təzyiqlərini ölkəmiz çox da hiss etməsin.
Buna görə də ərzaq təhlükəsizliyini təmin etmək üçün hökumət kənd təsərrüfatına dəstəyi daha da artırmalıdır. Dünyada nə baş verəcəyi, proseslərin necə inkişaf edəcəyi heç kimə məlum deyil. Qlobal böhran güclənsə ciddi problemlə üzləşə bilərik. Qısa vaxtda qeyri-neft sektoru, xüsusən də aqrar sektorla bağlı çoxsaylı güzəştlər və dəstəklərlə böyük dövlət proqramı elan olunmalı və sürətlə həyata keçirilməlidir. Bunun üçün ölkəmizin çox yaxşı potensialı var.
Ümid edək ki, Ukraynadakı hərbi əməliyatlar tez başa çatacaq, sülhlə yekunlaşacaq, Qərb-Rusiya qarşıdurması da yumşalacaq və nəticədə iqtisadi böhran baş verməyəcək. Lakin biz ölkə olaraq ən pis ssenariyə də hazır olmalıyıq.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb.