"Rusiya Azərbaycan idxalında və eyni zamanda, qeyri-neft ixracatında əsas ticarət tərəfdaşıdır. Azərbaycan Rusiya ilə il ərzində 2,1 milyard dollara yaxın məhsul idxal edib. Rusiyadan idxal edilən məhsulların strukturuna diqqət yetirsək buğdanın xüsusi yer tutduğunu görərik". Bu sözləri Diaspor info-ya açıqlamasında iqtisadçı-ekspert, deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Ukraynadan da buğda idxal etməyimizə baxmayaraq məhsulun 70%-dən çoxu Rusiyanın payına düşür: "Rusiyanın tətbiq etdiyi son qadağalardan sonra buğdanın gətirilməsində də müəyyən çətinliklərin yaranacağı gözlənilir. Bu məsələ ilə bağlı fərqli yanaşmalar var. Habelə Rusiya tərəfi yaxın zamanlarda buğda ixracatının bərpa oluna biləcəyi barədə açıqlamalar verib. Azərbaycanın Baş naziri çıxışı zamanı buğda idxalında çətinliklər olacağı halda növbəti aylarda yaranacaq tələbi mövcud ehtiyyatla qarşılamaq imkanına malik olduğunu qeyd edib".
Deputat sözlərinə belə davam edib: "Digər tərəfdən, Azərbaycan buğda ilə yanaşı, Rusiyadan günəbaxan, marqarin, soya kimi yağların idxalını da həyata keçirir. Eyni zamanda, Rusiyadan ölkəmizə şokolad və şokolad məhsulları, bir sıra dərman preparatları və başqa qeyri-ərzaq məhsullarının idxal olunduğunu qeyd etməliyik.
Təbii ki, Ukraynadan da idxal prosesi baş verir. Ukraynadan daha çox tütün, siqaret, quş əti, kərə yağı, meyvə, dərman vasitələri və həmçinin iribuynuzlu heyvanlar idxal edilir. Bütövlükdə Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi 8 milyon dollar ətrafında dəyişir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya-Ukrayna müharibəsi səbəbi ilə ümumilikdə ərzaq məhsullarının növündən asılı olaraq qiymətdə 8-22% intervalında artım olacağı şəklində proqnoz verib. İdxal inflyasiyası qaçınılmazdır. Buna görə də alternativ mənbələrin tapılması və yerli mənbələrin payının artırılmasına ehtiyac var".
Ayşən Vəli
203