Hazırda dünyada gedən proseslər, beynəlxalq aləmdə baş verən silsilə hadisələr, dünya iqtisadiyyatında hökm sürən qeyri-sabitlik və böhran şəraiti ölkələri, böyük şirkətləri investisiya üçün daha güvənli bölgələrə, etibarlı tərəfdaşlara yönlənməyə vadar edir. Belə olan halda, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik və proqnozlaşdırıla bilən gələcək xarici investorları cəlb etməyə bilməz. Azərbaycanın uzun illərdir apardığı müdrik siyasət, sözünün də ən az imzası qədər etibarlı olmasını təsdiq edən qətiyyətli siyasi iradə onu dünyada xarici sərmaye üçün cəlbedici ölkəyə, etibarlı tərəfdaşa çevirmişdir. Bunun nəticəsidir ki, iki ildən artıq dünyada hökm sürən pandemiyaya, dövlətlərin iqtisadiyyatlarındakı çalxalanmalara baxmayaraq, Azərbaycan dövləti tərəfindən bir sıra böyük iqtisadi layihələr icra olunur, dünyanın tanınmış şirkətləri ilə müqavilələr bağlanır, təməlqoyma mərasimləri keçirilir. Bununla bağlı ölkə başçımızın bir müddət öncə xarici investorların maliyyə vəsaiti hesabına inşa olunacaq "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışından sitatını xatırlatmaq istərdim. “Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir. Bu möhtəşəm Gülüstan sarayında 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi artıq uzun illərdir ki icra edilir və o müqavilədə bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Bütün digər müqavilələrə, böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə bizim münasibətimiz buna bənzərdir”. Beləliklə, məhz bu siyasətin nəticəsidir ki, Azərbaycana bu günə qədər 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub və bu sərmayə qoyuluşu davam etməkdədir. Beləliklə, ölkəmizdə ötən günlərdə, daha dəqiq 15 mart 2022-ci il tarixdə bu mənada daha bir önəmli hadisə baş verdi.
Bakıda Gülüstan sarayında ölkə başçımızın iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi baş tutdu. Bu layihə həm ölkəmizə xarici şirkətlərin marağının təcəssüm etdirilməsi, həm də Avropa ölkələrində yaranan enerji böhranının artdığı bir zamanda bərpaolunan enerji növlərindən istifadə baxımından olduqca əhəmiyyətlidir. Məlumat üçün qeyd edək ki, illik 500 milyon kVt/saat elektrik enerjisi istehsal ediləcək Qaradağ Günəş Elektrik Stansiyası sayəsində 110 milyon kubmetr qaza qənaət ediləcək, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısı alınacaq. Bununla da, GES bərpaolunan enerji sahəsində Azərbaycanın qarşısına qoyduğu mühüm məqsədlərin təmin olunmasına xidmət edəcək, ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və ixrac imkanlarımızı genişləndirəcək. Layihənin daha bir əhəmiyyəti ondan ibarətdir ki, bu layihə ilə qeyri-neft sektorunun inkişafına daha bir təkan veriləcəkdir. Məlumdur ki, dövlət başçımız qeyri-neft sektorunun inkişafını daima prioritet istiqamət olaraq qəbul etmiş və neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönləndirilməsinə xüsusi diqqət yetirmişdir. Bu layihə də qeyri-neft sektoruna xarici sərmayənin cəlb olunması baxımından müstəsna əhəmiyyətə malikdir.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vaxtında aparılan dərin islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində atılan addımlar bu gün özünün əməli nəticələrini verməkdədir. Ümid edirik ki, yaxın gələcəkdə qeyri-neft iqtisadiyyatımıza yeni xarici investisiyaların da cəlb olunacağına şahidlik edəcəyik.
Emin Süleymanov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri