Ən çətin anların sınağından çıxan QARDAŞLIQ
Azərbaycan Prezidenti: “Bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq”
Türkiyə Prezidenti: “İlham qardaşıma zəng edib deyirlər ki, yanınızda kimin olduğunu bilirik”
Bəli, bu dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət» tezisinə əsaslanan reallığın təcəssümüdür. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Sözsüz ki, bu danılmaz faktordur ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr. Ən əsas amil isə ən çətin anlarda bir-birinin yanında olmaq. Qeyd edək ki, Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Belə ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır». Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstərmişlər.
Bu gün isə Ermənistanın təcavüzkar siyasətinə qarşı mübarizəsində Türkiyə qardaş dövlətin Azərbaycanla həm cəbhədə, həm də diplomatik səviyyədə mübarizədə yanında olması bu qardaşlığın daha möhkəm olduğunun göstəricisidir.
Rəcəb Tayyib Ərdoğan: “Bəzi amerikalılar İlham qardaşıma zəng edib deyir: “Biz sizin yanınızda kimin yer aldığını bilirik, Ərdoğan var, Türkiyə var”
Bəli, hər bir vaxt belə olub, hər iki dövlət başçıları bu qardaşlığı, bu birliyi bütün sahələrdə göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatya vilayətində keçirilən toplantısında çıxışında bildirib: «Bəzi amerikalılar İlham qardaşıma zəng edib deyir: “Biz sizin yanınızda kimin yer aldığını bilirik, Ərdoğan var, Türkiyə var. Biz Türkiyəyə də lazım gələrsə, sanksiya tətbiq edərik. Sən kiminlə oynadığının fərqində deyilsən. Sanksiya tətbiq etmək istəyirsənsə, et, gecikdirmə. “F-35” üçün addım atdıq, bizi təhdid etdiniz. “S-400”ləri Rusiyaya geri göndərin» dediniz. Biz qəbilə dövləti deyilik. Biz Türkiyəyik, Türkiyə!
Dünyanı yaşanmaz hala gətirən qüvvələr oyunlarını pozduğumuza, gerçək üzlərini ortaya çıxardığımıza görə bizi hədəf taxtasına qoyublar. Qoysunlar, dayanmaq olmaz, yola davam!”.
Prezident İlham Əliyev: “Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu”
Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycanın ən çətin günüdə Türkiyə dövlətinin misilsiz dəstəyinin olduğunu deyərək bildirib ki, bu iş bitsin, ərazi bötgvlüyü bərpa edilsin qardaş dövlətimiz arasında yeni dövr başlayacaq: “Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”.
“Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu»,- deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, çoxları bunu anlamırlar: «Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik”.
Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti.
Rəcəb Tayyib Ərdoğan: “Ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında Azərbaycan torpaqlarına Ermənistanın təcavüzü barədə danışarkən bildirib ki, ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür: “İşğalçılara səssiz qalan, vətənini qoruyanı isə suçlayanların sözünün bizim üçün heç bir dəyəri yoxdur. Bu alçaq oyun pozulur. Qalıcı sülhün yolu Ermənistanın işğal etdiyi hər qarış Azərbaycan torpaqlarından geri çəkilməsindən keçir”.
Türkiyə Prezidenti bir daha Azərbaycanın yanında olduqlarını vurğulayıb: "Bunu burada bir daha bildirmək istərdim. Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaq. TBMM olaraq Azərbaycanın yanında olduğumuz bir daha bildirildi. Ermənistan işğal etdiyi ərazilərdən çıxarılmalıdır"».
Bəli, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz!
Prezident İlham Əliyev: “Haqq işimizi davam etdiririk, Türkiyə kimi qardaş ölkə yanımızdadır, hər zaman birlikdəyik”
Prezident İlham Əliyev oktyabrın 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərək qonağı salamlayıb və bildirib ki, indiki şəraitdə sizin Azərbaycanda olmağınızın xüsusi mənası var: “Bildiyiniz kimi, Ermənistan Azərbaycana qarşı növbəti təcavüz aktı törədib, növbəti terror aktı törədib. Həm bizim mülki vətəndaşlara, həm də hərbçilərimizə qarşı hərbi cinayət törədib. Bilirəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz. Orada özünüz görəcəksiniz ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar. Gəncəyə iki namərd hücum və Gəncə şəhərinin ballistik raketlərlə vurulması hərbi cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar. Bildiyiniz kimi, çoxlu itkilərimiz var, yaralılarımız var, o cümlədən uşaqlar, qadınlar, qocalar. Bu, bir daha erməni faşizminin yırtıcı mahiyyətini göstərir. Bu, bir daha göstərir ki, biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan, böyük faciədən xilas etmiş oluruq”.
Qələbə Zəfərində – İki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan
Hər zaman olduğu kimi, bu gün də Azərbaycanın Qələbə Zəfərində də "Bir millət, iki dövlət", iki qardaş liderlər qələbə münasibətilə bir-birini təbrik etdi. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər. Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib. Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinin ölkəsinin dəstəyinə verdiyi yüksək qiymətə görə təşəkkür edib.
Azərbaycan və Türkiyə prezidentləri dost və qardaş ölkələrimiz və xalqlarımızın bundan sonra da bir-birinin yanında olacağını bildiriblər.
Telefon söhbəti zamanı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması yüksək qiymətləndirilib, bu mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Prezident İlham Əliyev: “Ərdoğanın qətiyyətli bəyanatları dünyaya göstərdi ki, Azərbaycan tək deyil”
“Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş Türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır”. Prezident İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir.
Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə biz bu məsələ ilə bağlı dəfələrlə öz sözlərimizi demişik ki, Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır. Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaq”, - deyə dövlət başçısı əlavə vurğulayıb.
Prezident İlham Əliyev: “Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq”
“Azərbaycan işğal edilmiş Dağlıq Qarabağda hərbi əməliyyatlarını davam etdirdiyi vaxt beynəxalq media bir tərəfdən informasiya manipulyasiyası etməyə, digər yandan da Türkiyəni günahlandırmağa çalışır. Bunlardan biri də ABŞ-ın “Fox News” kanalı oldu. Prezident İlham Əliyevdən müsahibə alan “Fox News” Türkiyəni günahlandırmağa cəhd etdi, amma Azərbaycan prezidenti buna imkan vermədi". “Haber 7” saytı yazır ki, 30 illik işğaldan sonra öz torpaqlarını azad etməyə başlayan Azərbaycan beynəlxalq media qurumlarının hədəfindədir. Bununla belə, sayt dünya miqyasında Azərbaycana verilən dəstəyin getdikcə artdığına, dünya mediasının Azərbaycanın haqq səsini eşitdirmək üçün Bakıya mikrofon uzatmağa başladığına diqqət çəkib.
“Haber 7” Azərbaycan Prezidenti İlham Əliyevin “Fox News”-a müsahibəsini “Möhtəşəm dostluğumuz üçün qürur duyuruq» başlığı ilə manşetdə yer verib. Azərbaycan liderinə Türkiyəni haqsız suçlamalar qarşısında müdafiə etdiyinə görə təşəkkür edilib. Türk saytı Prezident İlham Əliyevin amerikalı jurnalistin təxribatçı suallarına peşəkarlıqla cavab verdiyini bildirib: “Azərbaycanın haqlı mübarizəsini bir daha dünyaya eşitdirən Əliyev müxbirin təxribatçı suallarına verdiyi cavablarla gündəmə gəlib. Bölgədə aparılan əməliyyatlar ətrafında informasiya çirkabı yaratmağa çalışan “Fox News”un müxbiri Türkiyəni Azərbaycanla birgə əməliyyatlarda iştirak etməkdə ittiham etdi. Anti-Türkiyə fikirlərə keçid etməyə qoymayan Azərbaycan Prezidenti İlham Əliyev Amerika kanalına siyasət dərsi verdi. Azərbaycan lideri Türkiyənin Dğlıq Qarabağda problem yaratdığını deyən “Fox News” müxbirinin iddiasını kəskin şəkildə rədd etdi: “Türkiyə bizə siyasi dəstək verir, onlar bizim dostumuz və müttəfiqimizdir. Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq”.
Türkiyənin beynəlxalq arenada önəmli siyasi güc olduğunu bildirən Prezident İlham Əliyev müxbirin “Türkiyə sizi savaşa təhrik edir" ittihamına belə cavab verib: “Xeyr, əsla! Türkiyə bizə siyasi dəstək verir və bu, hər şeydən önəmlidir. Türkiyə "Biz Azərbaycanın yanındayıq” deyəndə, bu, hər kəsə açıq mesaj olaraq çatır”.
Bir sözlə, “Haber 7” qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin amerikalı müxbirin bütün təxribatçı sözlərinə şillə kimi verdiyi cavablar, iki qardaş ölkə arasında qırılmaz bağların olduğunu bir daha dünyan ın diqqətinə çatdırd
Rəcəb Tayyib Ərdoğan: “Türkiyə olaraq bütün qəlbimizlə bu haqq davasında sonadək Azərbaycanın yanındayıq”
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə - Afrika İqtisadiyyat və İş Forumunun açılış mərasimində bildirib: “30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Bu gün Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etmək üçün əks-hücum əməliyyatları aparır. Türkiyə olaraq bütün qəlbimizlə bu haqq davasında sonadək Azərbaycanın yanındayıq. Afrika ölkələri də daxil olmaqla, haqqı dəstəkləyən bütün dövlətləri Azərbaycanın yanında olmağa çağırıram”.
Türkiyə Prezidenti: “Can Azərbaycanımız 28 ildir Ermənistanın işğalında olan torpaqlarını 44 gündə geri aldı”
“Şimali Kipr Prezidenti Ersin Tatarın Azərbaycanın zəfəri ilə bağlı qardaş ölkəyə bir səfəri olacaq». Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türkiyə Respublikasının quruluşunun 37-ci ildönümü ilə bağlı Kiprin ərazisi olan Qapalı Maraşın açılışındakı çıxışında bildirib. Türkiyə Prezidenti E.Tatarın bu səfərinin Azərbaycana dəstək məqsədli olacağını deyib. R.T.Ərdoğan Şimali Kiprdən Azərbaycana salam göndərərək deyib ki, Türkiyə necə Azərbaycanla güclü bir gələcək qurmağa başlayıb, Kipr Türkləri ilə də bərabər belə birlik fəaliyyətində olacaq: “Azərbaycandakı qələbələrin şahidi oldunuz. Can Azərbaycanımız 28 ildir Ermənistanın işğalında olan torpaqlarını 44 gündə geri aldı.
Hazırda onlar öz torpaqlarına yavaş-yavaş dönməyə başlayır. Bizlər tək ürək, tək dilək olduğumuz müddətdə öhdəsindən gələ bilməyəcəyimiz problem olmayacaq. Bizi bu şərəfli günlərə gətirən şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Zəfər Azərbaycanındır!”
“Azərbaycan işğal altında olan torpaqlarının ciddi bir hissəsini azad edib”- deyən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.
“İnanıram ki, Azərbaycan qısa müddət ərzində işğal altındakı digər ərazilərini də azad edəcək və azərbaycanlı qardaşlarımız öz doğma torpaqlarına geri qayıdacaq. İndiyə kimi Azərbaycanın yanında olduq, bundan sonra da Azərbaycanın yanında
olacağıq. Zəfər Azərbaycanındır! Rəbbim yar və yardımçıları olsun”, - deyə Türkiyə Prezidenti qeyd edib. Bəli, artıq haqq savaşımız, Vətən müharibəsi Zəfər və Qələbə ilə başa çatdırdı. Qarabağımızın, torpaqlarımızın işğalına tam mənada son qoyulacaq, Ağdamımız, Laçınımızda, Kəlbəcərimizdə, digər Vətən torpaqlarımızda üçrəngli, ay-ulduzlu bayrağmız dalğalanacaq, dalğalandırılacaq, Qələbə, Zəfər marşları çalınacaqdır!..
“Güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”
Bəli, bu gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olarkən dediyi kimi: “Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari - bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”. Bütün bunlar, ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.
Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq. Qələbə Zəfəri ilə - Qarabağ Azərbaycandır! Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir!”.
RƏFİQƏ KAMALQIZI