“Düşmənlə aparılan informasiya müharibəsi hələ bitməyib” RƏY-ÖZƏL
“Artıq uzun müddətdir ki, sosial şəbəkələrdə dövlət və milli maraqlara zidd paylaşımların qarşısının alınması, milli təhlükəsizliyimizə təhdid yarada biləcək fikirlərin səsləndirilməsi ilə bağlı bu sahədə ciddi nizamlama tədbirlərinə ehtiyacın olduğuna dair müzakirələr aparılır”. Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən Müharibəsi dövründə milli təhlükəsizlik amili ilə bağlı internetə və sosial şəbəkələrə tətbiq edilən məhdudiyyətlərin nə dərəcədə effektiv təsir gücünün olduğunu gördük: “Lakin bu tədbirlər sırf hərbi vəziyyət rejiminin tələblərinə uyğun idi. İndi isə artıq müharibə başa çatıb və yenidən normal həyat tərzimizə qayıtmışıq. Lakin bu o anlama gəlməməlidir ki, biz sosial şəbəkələrdə milli maraqlarımızı təhdid edən videolar, statuslar və s. paylaşa bilərik. Əksinə, indi dövlətimiz və xalqımız üçün daha həssas bir dövr başlayıb. Hərb meydanında əldə edilən qələbənin diplomatik və informasiya müstəvisində də möhkəmləndirilməsinə ciddi ehtiyac var. Ona görə də, məğlub düşmənlə aparılan informasiya müharibəsi hələ bitməyib. Əksinə daha da güclənib”.
S.Seyidova bildirib ki, milli maraqlarımıza təhdid yarada biləcək istənilən paylaşımlardan Azərbaycana qarşı düşmənlərimiz çox məharətlə istifadə etməyi bacarırlar: “Ona görə də, indiki məqamda sosial şəbəkələr üzərində tənzimlənmə mexanizmlərinin təkmilləşdirilməsinə daha ciddi ehtiyac yaranıb. Bu sahədə qanunvericilik təkmilləşdirilməli, söz və ifadə azadlığının çərçivələrinə zərər verilmədən sosial şəbəkələrlə bağlı qanunlara yeni müddəalar daxil edilməlidir. Buraya inzibati cəza tədbirləri, ictimai qınaq, maarifləndirmə və s. amillər daxildir”.
Müəllif: Gülyana