Erməni cəmiyyətində qaranlıqlar TƏHLİL
KTMT Kollektiv Təhlükəsizlik Şurasının 14 oktyabr 2016-cı il tarixində Yerevanda keçirilən iclası zamanı Belarusiya Prezidenti Aleksandr Lukaşenko ilə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan arasında olan, bu vaxta qədər ictimailəşdirilməyən bir söhbət sosial şəbəkələrdə yayılıb və işğalçı ölkədə cərəyan edən hadisələrin gedişi təsdiq edir ki, bu erməni cəmiyyətində ciddi rezonans doğurub. Sözügedən söhbət zamanı Ermənistanın üçüncü prezidenti torpaqlardan, daha dəqiq desək, 7 rayondan imtina edilməsi müqabilində 6 milyard dollar təklif etdiyini dilə gətirib. Məhz onun bu təklifi erməni cəmiyyətində müzakirə mövzusuna çevrilib və hardasa bu müzakirələrdə müəyyən bir məntiq də yer alır və hətta Sarkisyana ünvanlanan suallar da əbəs yerə deyil.
Aldadılan, axmaq yerinə qoyulan ermənilər
Erməni cəmiyyətində belə bir sual yaranıb ki, Serj Sarkisyana bu qədər pul haradandır? Yəni, Ermənistanın üçüncü prezidentinin bu pulları haradan əldə etməsi təbii ki, bu ölkə vətəndaşlarını ciddi şəkildə maraqlandırır. İndi ermənilər hesab edirlər ki, əgər bu vəsait onun şəxsi kapitalının bir hissəsidirsə, o zaman müstəntiqlərin onunla bu vəsaitlərin mənşəyi barədə danışması tam məqsədəuyğundur. Eyni zamanda işğalçı ölkə vətəndaşlarını düşündürən odur ki, bu vəsait dövlət büdcəsindən gələn puldursa, kim ona bu qədər asanlıqla sərəncam verməsinə icazə verib?
Sarkisyanın ofisi öncə qeyd etdiyimiz şəkildə iki prezidentin söhbətinin, bu söhbət zamanı Sarkisyanın 6 milyard dollar təklif etməsi məsələsinin həqiqiliyini artıq təsdiqləyib. Lakin bu təsdiq, hələ də ortalıqda dolaşan çoxsaylı sualları aradan qaldırmayıb. Həqiqətən də istər erməni cəmiyyətini, istərsə də bir dövlət olaraq Ermənistanı narahat edən, düşündürən məqamlar çoxdur. Çünki, bu məqamlar erməni vətəndaşlarının mənafelərinə, eləcə də dövlət təhlükəsizliyinə birbaşa və dolayı şəkildə aiddir.
Doğrudur, Ermənistan vətəndaşlarını narahat edən məsələ bu qədər vəsaitin eks-prezidentdə olması, bu vəsaitin kimə məxsus olması, əgər dövlətə məxsus idisə, bu vəsaitlərə görə Sarkisyana kim belə bir ixtiyar vermişdi və sair bu kimi detallardır. Amma bundan daha təhlükəli məqamlar var ki, bu məhz dövlət təhlükəsizliyi məsələləridir. Maraqlıdır, iki ölkə liderləri arasında qeyri-rəsmi söhbətin qeydə alınması, yazılması necə baş verib. Bu vaxta qədər gizli saxlanılan, qəflətən peyda olan danışıq, qeyri-rəsmi dialoq sosial şəbəkələrdə peyda olursa, bu erməni cəmiyyətinin müzakirəsinə buraxılırsa, bu artıq dövlətin milli təhlükəsizliyini ciddi şəkildə narahat etməlidir və edir də. Eks-prezidentin ofisi belə bu məlumatı təsdiqləyir və artıq bu fakt özü də işğalçı ölkənin təhlükəsizlik xidməti üçün həyəcan təbili deməkdir. Nəinki təhlükəsizlik xidməti, hətta üçüncü prezidentin ofisi belə dar formatda keçirilən görüş zamanı prezidentlər arasında qeyri-rəsmi söhbətin necə yazıldığından təəccüblənib.
Erməni cəmiyyəti işləri qaydasına salmaqda gecikib
Diqqətə çatdıraq ki, bu ölkədə belə hallara mütəmadi olaraq rast gəlinir və belə bir sual ortaya çıxır, görəsən təhlükəsizlik xidməti nə işlə məşğuldur? Paşinyan hökuməti dövründə baş verən oxşar hekayələri xatırlamaq kifayətdir ki, ölkədə vəziyyətin nə yerdə olduğu bəlli olsun. Oxşar hadisə, bənzər məqam 2018-ci ilin sentyabrında, o vaxtkı Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan ilə Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan arasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsini və cinayət işlərini müzakirə etdikləri 8 dəqiqə müddətində olan telefon danışığının şəbəkəyə sızdığı zaman ortaya çıxmışdı. KTMT Baş katibi Yuri Xaçaturov və keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı olan cinayət işi məsələsinə görə də belə hallar erməni cəmiyyətinə, eləcə də hamıya tanışdır. Ermənistanın baş naziri Nikol Paşinyan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin o zamankı direktoru Artur Vanesyanın başqa bir telefon dinləməsi 5 dekabr 2018-ci il tarixində yayılmışdı ki, görünür bu da hələ sonuncu deyildi.
İndi məlum olur ki, bu işğalçı ölkənin liderləri ən azı 2016-cı ildən bəri, hətta Sarkisyan dövründə də dinləniliblər. Xarici xüsusi xidmət orqanları tərəfindən bu qədər asanlıqla dinlənildiyi üçün Ermənistanın xüsusi xidmətləri və ölkənin yüksək vəzifəli şəxsləri hara baxır? Axı, onlar Ermənistan xüsusi xidmət orqanlarının rəhbərlərinin tamamilə gizli telefon kanallarına, hökumət başçısının telefonuna asanlıqla qoşulmaqla yanaşı, iki prezidentin danışıqlarına da qulaq asırlar. Bu, Milli Təhlükəsizlik Xidmətinin mütləq yararsızlığına dəlalət edir. İndi ona görə erməni cəmiyyəti narahatlıq içərisindədir. Daha dəqiq desək, erməni cəmiyyəti çox narahatdır və düşünür ki, peşəkarlığın aşağı səviyyədə qaldığı bu quruluşda işləri qaydasına salmaqda gecikməyibmi? Əlbəttə ki, gecikib, özü də həddindən çox gecikib.
İşğalçılıq meylləri Ermənistanın hazırki vəziyyətinə səbəb olub
Bir az daha dərindən nəzər salaq görək, Serj Sarkisyan Lukaşenkoya 7 bölgədən imtina edəcəyi təqdirdə 6 milyard dollar təklif etməyə hazır olduğunu söyləməsi nə deməkdir? Burada başqa bir sual yaranır ki, görəsən Sərkisyan bu qədər pulu haradan əldə edir? Heç də 6 milyard dollar kiçik bir məbləğ deyil. Bu onun şəxsi kapitalının bir hissəsidirsə, o zaman müstəntiqlərin onunla vəsaitlərin mənşəyi barədə danışması tam yerinə düşər. Bir tərəfdən də düşünəndə ki, Sarkisyan son qəpiyinə qədər pullarını bu 7 rayon üçün verən insan deyildi, deməli, onun şəxsi varidatı bu 6 milyard dollardan bir neçə dəfə çoxdur. Yaxşı, bu pullar ona haradandır o zaman?
Digər prizmadan yanaşsaq, bu vəsait dövlət büdcəsindən gələn puldursa, kim onun bu qədər vəsaitə asanlıqla sərəncam, qərar verməsinə icazə vermişdi? Bu pullar dövlət büdcəsində idisə, niyə Sarkisyan onu iqtisadiyyatı qurtarmaq, xilas etmək və əhalinin sosial cəhətdən imkansız qruplarına kömək etmək üçün xərcləməyib o vəsaitləri? Niyə bu vəsaitlər məhz dinc məqsədlərə, insanların rifahına yönəldilməyib? Bu işğalçı ölkə nə vaxta qədər qəsbkarlığı, işğalçılığı dövlət siyasəti hesab edəcək? Dərs olmadımı bu adamlara ki, bu qədər işğalçılıq meylləri Ermənistanın hazırki vəziyyətinə səbəb olub?
Dövlətçiliyinin qorunacağına belə şübhə ilə yanaşır ermənilər
Bütün bu sadalanan çirkin hekayələr Ermənistanda tamamilə əks effekt yaradıb. İndi erməni cəmiyyəti fərqində olmalıdır ki, onlar hər zaman aldadılıb. Təkcə Paşinyan hakimiyyəti dövründə deyil, ondan əvvəl də bu işğalçı ölkə əhalisi hakimiyyəti tərəfindən yetərincə axmaq yerinə qoyulub. Hazırda balalarını itirən valideyinlər əbəs yerə İrəvan küçələrində hay-küy salmırlar. Onların ittihamları da təsadüfi deyil. Çirkin oyunlar, absurd fikirlər, axmaq və əsassız iddialar erməni xalqı dedikləri toplumu səfil vəziyyətə salıb. Bölgədə qlobal layihələrin gerçəkləşdirildiyi bir vaxtda, iqtisadi inkişaf, dinamika müşahidə edildiyi bir zamanda rəhbərlərinin, hakimiyyətlərinin axmaq ideologiyası səbəbindən ermənilər, Ermənistan dövləti küncə qısılmış, marginallaşmış duruma düşüb.
Nəinki inkişafdan, hər şeydən, hər məqamdan məhrum olub. İndi erməni cəmiyyəti dövlətçiliyinin qorunmasına belə şübhə ilə yanaşır və heç inanmır da. Bu işğalçı ölkə müxalifəti yalan-doğru, Ermənistan deyillən dövlətin xilası uğrunda çarpışır. Nikol Paşinyanın timsalında hakimiyyəti isə kreslo, tutduğu post maraqlandırır. Xalqın, çoxsaylı insanların istefa tələbinə məhəl qoyan yoxdur və erməni baş nazir öz vəzifəsindən bərk-bərk yapışıb. Amma bunun belə davam etməyəcəyi heç ağlasığan deyil. Bu barədə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da öz xəbərdarlığını edib və bildirib ki, hakimiyyətin və müxalifətin bir-birinə güzəştə getməməsi fonunda erməniləri vətəndaş müharibəsi gözləyir.
Qarandıq məqamlar kütləni çaşbaş salıb
Hazırda erməni cəmiyyətində bir sıra qarandıq məqamlar ortaya çıxmaqdadır. Özü də təkcə Paşinyan hakimiyyətinin deyil, ondan əvvəlkilərin də oyunları, bu oyunlardan doğan bəzi məqamlar işğalçı ölkə vətəndaşlarını əməlli-başlı düşündürür. Bütövlükdə kütləni də çaşbaş salan da elə bu qarandıq məqamlardır. İndi Ermənistan vətəndaşları kor kimidir, desək yanılmarıq. Təsəvvür edək ki, 44 günlük müharibə müddətində zəfər, qələbə xəbərləri ilə qulaqları doldurulan xalq qəflətən məğlubiyyət xəbəri ilə qarşılaşıb və bunun fonunda itgilər də ağlasığmaz, sayagəlməz dərəcədədir.
Bu da azmış kimi, itgin düşən əsgərlərin valideyinləri üçün də balalarının taleyi qaranlıq qalır. Kimin harada olması, taleyi Ermənistan hakimiyyətini zərrə qədər maraqlandırmır. İtgin düşən əsgərlərin valideyinləri Rusiya prezidentindən yardım diləyir öz övladlarının ya dirisinin, ya da ölüsünün tapılması üçün. Bu vəziyyət özü həddindən artıq faciəvidir və görəsən, dövləti, hakimiyyəti olan bir xalq niyə qonşu dövlətin prezidentindən yardım, kömək istəməlidir? Ona görə ki, erməni xalqı deyilən bu toplum hər zaman özünü aldadılmış hiss edib. Çünki, daim üzə çıxan qaranlıq məqamlar bu xalqı elə qaranlıqlara qərq edib. Həm də o səbəbə görə ki, ermənilər özləri barədə heç də nikbin düşüncədə deyillər və qaranlıqların bununla bitəcəyinə də zərrə qədər ümidləri belə yoxdur.
Müəllif: İnam Hacıyev