“Türkiyə-Azərbaycan qardaşlığı hələ çox uğurların müjdəçisi olacaq” ÖZƏL-MÜNASİBƏT
“Türkiyə hər zaman bizə böyük dəstək olub. Həm siyasi, həm də mənəvi anlamda. Türkiyə Azərbaycanın qardaşı və dostudur. Türkiyə bizimlə həqiqətən bir candır, bir qandır, həmrəydir. Türkiyə çox vəfalı dostdur. Nə yaxşı ki, onlar var”. Bunu DİASPOR.İNFO -ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib.
Onun sözlərinə görə, noyabrın 10-da keçirilən Zəfər paradında möhtərəm Prezidentimiz İlham Əliyevin Türkiyə haqda dediyi xoş və layiqli sözlər, cənab Ərdoğanın çıxışında səslənən mesajlar bir daha onu deməyə əsas verir ki, bu iki dövlət arasındakı qardaşlıq münasibəti bu gün ən yüksək və pik səviyyədədir, hər zaman da belə olacaq: “Dünyada elə bir dövlət yoxdur ki, digərinə bu qədər sidq ürəkdən bağlı olsun. Biz yeganə və ən böyük nümunəyik. Hər kəs də görsün və bilsin ki, bir millət və iki dövlət şüarına əsaslanan hazırki birlik daim var olacaq.Biz müharibə dövründə də Türkiyənin və cənab Ərdoğanın, onun komandasının mənəvi dəstəyini daim hiss elədik”. E.Musayev bildirdi ki, Türkiyə dövləti Rəcəb Tayyib Ərdoğanın timsalında Qarabağla bağlı açıq mesajlar verdi, öz aydın mövqeyini bildirdi və Azərbaycan üçün hər şeyə hazır olduğunu bəyan etdi: “Bu cür həssas məqamlarda mənəvi dəstək çox böyük anlam daşıyır və biz bu dəstəyi Türkiyədən aldıq. Belə bir qardaş dövlətin varlığı bizi həqiqətən qürurlandırır. Həm də sevindirir. Türkiyə - Azərbaycan dostluğu və qardaşlığı hələ bir çox uğurların və gözəl hadisələrin müjdəçisi olacaq. Buna əminəm”.
Müəllif: Gülyana