Sual altındakı iflic Ermənistan ---TƏHLİL
Qarabağdakı 44 günlük müharibə və sonda baş nazir Nikol Paşinyanın təslim aktına imza atması, bütövlükdə Ermənistanın məğlubiyyəti bu işğalçı ölkədə demək olar ki, bütün dövlət qurumlarının iflic olmasına səbəb oldu. Erməni cəmiyyətindəki ciddi iğtişaşlar və narazılıqlar idarəolunmaz kütlənin küçə və meydanlardakı mitinqlərində, nümayişlərində və aksiyalarında özünü biruzə verir. Kütlənin istefa tələbi hələ də öz aktuallığını qoruyur və baxmayaraq ki, erməni baş nazir Nikol Paşinyan bu tələbə dirəniş göstərir, Ermənistan vətəndaşları da tələblərindən əl çəkmirlər. Bu gün erməni dövlətlərinin taleyindən narahat olan hər kəs başa düşür ki, hökumət ölkədəki vəziyyətə nəzarəti tamamilə itirib.
Bu gün Azərbaycanın qalib tərəf, ərazilərin sahibi olaraq Dağlıq Qarabağda mövqeyi erməni cəmiyyətini xüsusilə narahat edir desək, fikrimizi tam ifadə edə bilmərik. Çünki, bu vəziyyət ümumiyyətlə erməni xalqı üçün daha acınacaqlıdır və onları bərk qıcıqlandırır. Hətta Rusiyalı siyasi ekspertlər belə bu qıcıq barədə etiraflar edirlər. Məsələn, Beynəlxalq "Lazerev Klubu" Şurasının Təşkilat Komitəsinin sədri, Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması Komitəsinin MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr komitəsinin birinci müavini Konstantin Zatulin qeyd edib ki, Bakıda 10 dekabr tarixində keçirilən "Zəfər Paradı" Ermənistanın və erməni xalqının açıq şəkildə alçalmasıdır. Siyasətçinin sözlərinə görə, Nikol Paşinyanın axmaq siyasəti ölkəsini Dağlıq Qarabağ uğrunda müharibədə böyük insani, ərazi və mənəvi itkilər verərək bu respublikanın indi dayandığı ölüm xəttinə gətirdi. O, xüsusilə diqqətə çatdırıb ki, erməni xalqının ölkəsinə olan etibarı tamam itib. Zatulin Ermənistandakı erməni xalqının güclərinə inamsızlıq mühitində tam mövcud ola bilməyəcəyini və irəliləyə ümidinin belə qalmadığını dilə gətirib. Ümumiyyətlə, bu siyasətçinin timsalında indi bütün politoloqlar yaxşı başa düşürlər ki, Ermənistan nə qədər çabalasa da, bu ölkənin baş naziri nə qədər dirəniş göstərsə də, kütlə günahı kim olmasından asılı olmayaraq hansısa qüvvələrin çiyninə qoysa da, bu xilas yolu deyil və səbəb, bu işğalçı ölkənin iflic vəziyyətində olmasıdır.
Ən acınacaqlı, hətta gülünc vəziyyət ondan ibarətdir ki, sürünməkdə olan Ermənistanın vətəndaşları, yaxud bu ölkədəki müxalifət öz xilaskarı olan Rusiya ilə ültimatum dili ilə danışır. Bəzən isə vətəndaşların ruslar qarşısında dilemmalar qoyduğunun şahidi oluruq ki, bu da əndazəni hədsiz dərəcədə aşmaqdır. Əgər erməni xalqı deyilən toplum tarixi faktları unudubsa belə, onların Qafqazda yerləşməsini, məskunlaşmasını, onlara verilən imtiyazların, şəraitin ruslar tərəfindən təmin olunduğunu unudubsa, yaxud unutqanlıq, nankorluq edirlərsə belə, heç olmasa məğlubiyyətləri fonunda son günlərdəki məhv olma, tamamilə qırılıb qurtarma təhlükəsindən onları Rusiyanın xilas etdiyini nəzərə alsınlar. Bu ki, uzaq keçmişdə deyildi və bunu da unutmamalıdırlar axı. Unutmamalıdırlar ki, ikinci Qarabağ mühaqibəsinin son günlərində ermənilər hər gün daha çox itgi verirdilər və hətta bircə gün belə artıq müqavimət göstərmələri on minlərlə əsgərin tələf olması demək idi. Əbəs yerə deyil ki, erməni baç nazir Nikol Paşinyan məğlubiyyətlərini rəsmən təsdiq edən kapitulyasiya sənədinə sevinə-sevinə razılıq verdi. Təsadüfi deyil ki, qondarma rejim rəhbəri Araik Arutyunyan bundan əvvəlki yekəxana davranışları, qalibiyyət ritorikası fonunda ruslara, vasitəçilik edərək döyüşü dayandırdıqlarına, bu vəziyyətdə onları xilas etdiklərinə görə dəfələrlə təşəkkür edib. Bax bütün bunları nəzərə almalıdır erməni xalqı və bilməlidir ki, mövcudluqları sual altında olub və heç indi də bu sualın altından çıxa bilmirlər. Əksinə, hər gün, hər saat özlərini daha çətin suallar qarşısında qoyur, daha dərin quyuya salırlar.
Bəli, güc strukturlarında, xüsusilə, Müdafiə Nazirliyi, Polis və Milli Təhlükəsizlik Xidmətində bu gün mövcud hökumətə qarşı ciddi narazılıqlar var. Bu strukturların mətbuat xidmətləri bunu qətiyyətlə təkzib etsə də, güclü bir kadr axını olduğu gerçəkliyi göz qabağındadır. Müntəzəm hərbi personal, təcrübəli polis zabitləri və ölkənin əsas xüsusi xidmət orqanlarının peşəkar işçiləri işdən uzaqlaşırlar. Nə xain hesab etdikləri dövlət rəhbərinə, nə də Paşinyan hökumətinə, nə də ümumiyyətlə dövlətə xidmət etmək istəyən yoxdur. Bu toplum yalnız dağıtmaq, məhv etmək istəyindədir. Maraqlıdır, məhv etdiklərinin yerində, uzaqlaşdırdıqlarının əvəzində kimi, nəyi nəzərdə tutur bu toplum? Opportunistlərimi, Sorosçularımı, pozğun məmurlarımı, müvəqqəti kadr kimi ortaya atılan Paşinyanın marianetlərinimi nəzərdə tuturlar ermənilər və elə zənn edirlər ki, əvəz edən kimsə olacaq? Belə şəraitdə hansı gələcəkdən dəm vura bilər erməni cəmiyyəti və yaxud bütövlükdə ermənilər? Təhlükəsizlikdən belə danışa bilərlərmi? Üstəlik, polis xalqına, hətta etirazçıya qarşı döyüşə atılırsa, MTX zabitləri Paşinyana açıq şəkildə tabe və xidmət edərək, siyasi rəqiblərini həbs etmək məcburiyyətində qalırlarsa, deməli, ölkə həqiqətən iflicdir və təhlükə altındadır.
Erməni əsillilərin müharibə zamanı topadıqları vəsait barədə peşmançılıq hislərini ifadə etmələri haqda daha bir fakt bu işğalçı ölkənin mahiyyətini, bir az açıq şəkildə desək, mahiyyətsizliyini və aşağılığını tam şəkildə ortaya qoyur. Səlahiyyətlilərin sinizmi və xalqa qarşı təbiəti həmin biabırçı epizodda aydın görünür. "Hraparak" qəzeti yazır ki, müharibə zamanı "Hayastan" Ümumerməni Fonduna pul köçürən əksəriyyət ermənilər bundan dərindən peşman olublar və bu gün pullarını hətta geri tələb edirlər. Diqqətə çatdıraq ki, amma həmin pullar əsasən ciblərdə olduğundan onların geri qaytarılması üçün heç bir mexanizm yoxdur, heç ola da bilməz. Bax, belə bir vəziyyət var Ermənistanda, hansıki, sözlərlə ifadə etmək mümkünsüzdür.
Bu arada, xatırladaq ki, siyasi qüvvələr də hakimiyyət üçün çalışırlar. Hansısa qüvvə ölkəsini bu iflic vəziyyətindən çıxarmaq barədə düşünmür, onlar yalnız ölkədəki daxili siyasi həyatı pozurlar, qardaşı qardaşa, atanı oğula qarşı çevirirlər. Ölkəni bərpa etmək üçün təsirli bir mexanizm təklif edən yoxdur. Onların əsas məqsədi Nikol Paşinyanı devirməkdir ki, bununla da ölkəni özləri idarə etmək arzusundadırlar. Xalqla maraqlanan yox.
Maraqlıdır, bu gün Paşinyanın istefasını tələb edənlərin hamısı yekdilliklə Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin 10 noyabr tarixindəki üçtərəfli imzalanan sənədi nəzərdən keçirməyəcəklərini və ya ləğv etməyəcəklərini israr edirlər. Xüsusilə bunu, Putinin qəzəbinə düçar olacaqlarından qorduqları ilə izah edirlər. Amma, xatırladaq ki, əsas məqamlardan biri də elə Azərbaycanın həddən artıq qüvvətli olması, ermənilərin sənədə uymadıqları halda burunlarının dərhal ovulacağını başa düşmələri ilə əlaqədardır. Sual oluna bilər ki, əgər elə isə, yəni Ermənistanın siyasi müstəvisində, hadisələrin gedişində heç bir dəyişiklik vəd olunmursa, Paşinyanı Manukyana, birini digərinə dəyişməyin nə mənası var?
Müəllif: İnam Hacıyev