“Prezident Azərbaycan sərhədləri daxilində kimin hakim olduğunu xatırlatdı” ÖZƏL-MÜNASİBƏT
“Birincisi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan xalqının və dövlətinin maraq və mənafelərindən çıxış edir. İstənilən addımı atarkən, istənilən fikri səsləndirərkən ölkə başçısının göz önündə tutduğu əsas məsələ, Azərbaycan dövlətinin və Azərbaycan xalqının maraqlarıdır. Ona görə də, istənilən şəxsi qəbul edəndə, onlarla danışıqlar aparanda, suallarına cavab verəndə, yaxud nəyi isə izah edəndə Prezidentimiz mütləq bu məqamları nəzərə alır.” Bu sözləri DİASPOR.İNFO-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin də öz istəkləri ilə regiona səfər etməsinə də təbii ki, etiraz etməyib Cənab prezident, gəlmək istəyiblər, deyib ki, buyursunlar gəlsinlər.
“Biz qonaqpərvər xalqıq, Azərbaycan hər zaman, hər kəsə açıq bir ölkədir və onlar da gəliblər. Ali Baş Komandanımız onlara açıq şəkildə izah etməyə zərurət duyub ki, onlar bu 28 ildə, yəni, 1992-ci ildən bu yana, hərhansı hərəkətə, dəyişikliyə nail ola bilməyiblər və indi gəliblər və nə isə demək istəyirlərsə, buyursunlar desinlər, amma, biz problemi həll etmişik artıq. Eyni zamanda, Prezidentimiz diqqətə çatdırıb ki, artıq Dağlıq Qarabağ münaqişəsi deyilən bir şey yoxdur və Ermənistan da rəsmən ortaq bəyənata imza ataraq artıq bunu qəbullanıb və təbiidir ki, qarant dövlət kimi, sülhməramlı olaraq Rusiya da burada çıxış edir və biz problemimizi özümüz həll etmişik. Ölkə rəhbəri bildirib ki, indi onlar nə təklif etmək istəyirlərsə, buyursunlar təklif etsinlər, amma unutmasınlar ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll edilib. Yəni, bununla əslinə qalanda, Cənab Prezident onlara xatırlatmış oldu ki, onlar bu illər ərzində heç bir iş görməyiblər, indi regiona səfər edərək nə isə demək istəyirlərsə, biz onları dinləyəcəyik, amma Azərbaycanın maraq və mənafelərinə uyğun nəticə əldə edildiyinə görə, biz də sadəcə olaraq onları dinləyəcəyik və ondan artığını edəsi deyilik.
Nə təklif edə bilərlər? Şəxsən mənim də ağlıma gəlmir ki, ATƏT-in Minsk Qrupu həmsədrləri nə isə təklıf edə bilsinlər. Mən düşünürəm ki,burada da Cənab Prezident bir daha onlara bu bölgədə, əlbəttə ki, Azərbaycan sərhədləri daxilində kimin hakim olduğunu xatırlatmış oldu. Yəni, onlara anlatdı ki, biz həmişə ona inanmışıq ki, Azərbaycan məsələni lazım gələcəyi təqdirdə hərb yolu ilə həll edəcək, o məqam yetişib və biz bunu etmişik və sizin indi gəlməyiniz sadəcə bir ziyarətdir, xoş gəlmisiniz”, deyə Azər Həsrət bildirib.
Müəllif: İnam Hacıyev