Türkiyə XİN Rusiyanı məsuliyyətli olmağa çağırdı QARABAĞDA
Mövlud Çavuşoğlu: “Rusiya atəşkəsin pozulmasının qarşısını almalıdır, əks təqdirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev lazımi mesajı verib”
“Rusiya ilə müqavilələr imzalanıb. Digər tərəfdən, meydanda atılacaq addımları ev sahibi Azərbaycanla da müzakirə etməliyik”. DİASPOR.İNFO xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Qarabağda müşahidə nöqtələrinə – mərkəzi və digər yerlərə nə qədər insan gələcək, ev sahibi ilə müqavilə imzalanmasına ehtiyac var və ya yoxdur kimi məsələlərlə bağlı Azərbaycanla danışıqlar aparılır: “Ən qısa zamanda bu mərkəzi quracağıq. Atəşkəsin davamlı olması üçün lazımi addımları atacağıq. Bunun tezliklə reallaşmasında fayda var”.
“Ermənistan tərəfindən atəşkəsin pozulması halları baş verdi... Burada Rusiyanın da məsuliyyəti var”
Çavuşoğlu Ermənistanın hələ də dinc dayanmamasına da işarə edib və bildirib ki, Azərbaycan ordusu düşmənin cavabını layiqincə verib. Ancaq bütün bunlara baxmayaraq, bölgədə sülhməramlı missiyasını həyata keçirmək öhdəliyini üzərinə götürən Rusiyanın da məsuliyyəti dayanır: “Son günlər Ermənistan tərəfindən atəşkəsin pozulması halları baş verdi. Azərbaycan onların cavabını verdi, amma burada Rusiyanın da məsuliyyəti var. Çünki üçtərəfli bəyanata əsasən, orada Rusiyanın sülhməramlı qüvvələri var”.
Qardaş ölkənin XİN rəhbəri proseslərin nəzərdə tutulmadığı və anlaşmaya cavab vermədiyi halda Azərbaycanın sərt addımlar atacağını da istisna etməyib. Bu baxımdan o hesab edir ki, Rusiya öhdəliyini tərəfsiz şəkildə icra etməlidir.
“Rusiya atəşkəsin pozulmasının qarşısını almalıdır, əks təqdirdə, Azərbaycan Prezidenti cənab İlham Əliyev lazımi mesajı verib”, deyə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Xatırladaq ki, daha əvvəl razılaşmaya əsasən Türkiyənin bir qrup minaaxtaranı artıq Azərbaycandadır və fəaliyyət üzrə hərəkətə keçib.
Bugünlərdə isə daha 136 türk minaaxtaran (Özel Mayın Arama Temizleme – ÖMAT) və hərbçi personalı Azərbaycana yola salınıb. Bu barədə ötən gün Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi tvitter səhifəsində paylaşım edib.
"Ermənistan illərdir özü-özünü təcrid edib"
Mövlud Çavuşoğlu Ermənistanla sərhədlərin açılması ilə bağlı ölkəsinin şərtini də açıqlayıb. Belə ki, Türkiyə ilə sərhədlərin açılması və ticari əlaqələrin bərpasının daha çox Ermənistan və Ermənistan xalqı üçün faydalı olacağını vurğulayan XİN rəhbəri hesab edir ki, Ermənistan illərdir özü-özünü təcrid edib: “Ermənistanın İranla çox problemi olmayıb, Gürcüstanla əlaqələrinin nə qədər sağlam olub-olmadığı ilə bağlı isə şərh vermək istəmirəm".
"Fəqət, Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması Ermənistan iqtisadiyyatına zərər vurub", bildirən Çavuşoğlu vurğulayıb ki, Ermənistan xalqı başqa ölkənin torpaqlarının işğal edilməsi bahasına həqiqətən iqtisadi baxımdan çətinliklər çəkib.
Rövşən RƏSULOV