"Ermənistanın varlığı təhlükə altına düşəcək" RƏY-ÖZƏL
"Düşmən qüvvələrinin indiki təxribatlarını yenidən fəallaşmaları kimi hesab eləmirəm. Terrorçu bir "dövlət" adlanan tayfadan beynəlxalq hüquq normalarına, qarşılıqlı anlaşmaya riayət etmələrini gözləmək sadəlövhlük olardı". Bunu Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti bunu bildiyindən əvvəlcədən də bəyan etmişdi ki, Ermənistandan başqa həmsədr ölkələrdən azı birinin iştirakı ilə sənəd imzalamağa hazırdır: "Yəni Ermənistan terroru dəstəkləyən bir dövlət olduğundan onların imzasına etibar etmədiyini öncədən açıq bildirmişdi. İndiki vəziyyətdə terrorçuların təxribatlarını zərərsizləşdirmək həmin üçüncü tərəfin, yəni Rusiyanın üzərinə düşür. Qarabağda mağaralarda, qalın meşəliklərdə, zirzəmilərdə gizlənib, məqamı gələndə təxribat törətmək onların əvvəlcədən planları olub və bu planı da reallaşdırmaq istəyirlər. Mənim qənaətimə görə, problemin həllindən de-fakto kənarda qalan digər həmsədr dövlətlərin, xüsusən də Fransanın sərgilədiyi siyasi mövqe onlarda belə bir inam yaradıb ki, kapitulyasiya aktını imzalamaqlarına baxmayaraq hələ də xaricdən dəstək alıb, istədiklərinə nail ola bilərlər. Bu da hayların nə qədər dövlətçilikdən, beynəlxalq hüquqdan anlayışsız olduqlarını bir daha göstərir".
T.Novruzov onu da bildirib ki, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, əgər onlar bu yolu tutsalar, iddialarından əl çəkməsələr Ermənistanın özünün varlığı təhlükə altına düşəcək: "Çünki zəif ermənilərin qarşısında regionun ən güclü ordusu dayanıb. Rusiya sülhməramlıları bacarmazlarsa, ordumuz onları tamamilə zərərsizləşdirməyə qadirdir. Ordumuzda zəncir gəmirən oğullar var ki, indinin özündə Ali Bas Komandanın tək bir kəlməsinə bənddirlər. Ermənistan və onu dəstəkləyən qüvvələr bu reallığı qəbul etməsələr, yenə peşman özləri olacaq. Tanrı qalib ordumuzu, müzəffər Ali Baş Komandamızı qorusun".
Müəllif: Gülyana