İtaliya Azərbaycana dəstəyini post-müharibə dövründə də nümayiş etdirir - MÜNASİBƏT ÖZƏL
"İtaliya Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşlarından biridir. Həm əvvəlki dövrlərdə həyata keçirilən enerji layihələri, o cümlədən Azərbaycan neftinin Avropada İtaliyaya nəql edilməsi və artıq reallaşmaqda olan cənub qaz dəhlizi vasitəsilə mavi qazın da İtaliya bazarına çıxarılması ondan xəbər verir ki, iki ölkə arasındakı strateji münasibətlər uzun müddətdir ki, formalaşıb". Bunu DİASPOR.İNFO-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspertin sözlərinə görə, müharibə dövründə Azərbaycanın haqq işinə dəstək olan ölkələrdən biri də məhz İtaliya oldu: "İtaliya Azərbaycana savaş müddətində dəstək olan ölkə kimi, bu dəstəyi post-müharibə dövründə də nümayiş etdirir. Xüsusən də İtaliyanın nümayəndə heyətinin Azərbaycana gəlməsi, hətta işğaldan azad olunan ərazilərimizə səfər etməsi də bir daha ondan xəbər verir ki, İtaliya strateji müttəfiq olaraq Azərbaycanla münasibətlərinə xüsusi önəm verir. Təbii ki, Azərbaycan da özünün strateji və iqtisadi tərəfdaşlarından biri olan İtaliyaya xüsusi diqqət ayırır".
V.Bayramov vurğulayıb ki, son anlaşma bir daha təsdiq edir ki, Azərbaycan savaş müddətində onun haqq işinə dəstək olan və dost münasibət nümayiş etdirən ölkələrin şirkətləri ilə işğaldan azad edilən torpaqların bərpasında yaxından iştirak edəcək: "Növbəti mərhələlərdə də İtaliya daxil olmaqla bizim üçün strateji və dost ölkə hesab edilən dövlətlərlə iqtisadi əməkdaşlığımız güclənəcək. Birmənalı şəkildə Azərbaycan dost münasibətdə olduğu və strateji tərəfdaşlığa malik olduğu ölkələrlə əməkdaşlığı işğaldan azad edilən torpaqlarımızın bərpası prosesində də davam etdirəcək".
Müəllif: Aysel Məmmədova