“2021-ci ilin dövlət büdcəsi qələbə büdcəsidir” ÖZƏL-MÜNASİBƏT
2021-ci ilin dövlət büdcəsində prioritet məsələlərdən biri də məhz işğaldan azad olunan ərazilərimizin bərpası, eyni zamanda, şəhid ailələri, müharibə qaziləri və ailələrinin social təminatının daha da gücləndirilməsi ilə bağlıdır. Bu sözləri DİASPOR.İNFO-ya açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.
Ekspertin sözlərinə görə, nəzərə alsaq ki, 2021-ci ilin dövlət büdcəsi, həm büdcə xərcləri, eləcə də büdcə gəlirləri əvvəlki illə müqaisədə artacaq.
“2021-ci ildə büdcə gəlirləri 24 milyard manat, icmal büdcənin xərcləri 31 milyard manatdan çox olacaq. Nəticə etibarı ilə bu istiqamətdə daha çox vəsaitin ayrılması mümkün olacaq. O baxımdan həm büdcə gəlirlərinin proqnozlaşdırılmasında, həm büdcə xərclərinin quruplaşdırılmasında məhz mövcud çağırışlar nəzərə alınıb. Beləki, büdcə xərcləri quruplaşdırılan zaman müharibə nəticələrinin aradan qaldırılması və işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, eyni zamanda Covid-19 pamdemiyası ilə mübarizə tədbirləri və təbii ki, sosial təminatın gücləndirilməsi ilə bağlı ayırmalar əsas proiritetlər kimi quruplaşdırılıb. Burada sosial təminat, səhiyyə, təhsil, müdafiə və təhlükəsizlik, dövlət borcunun xidmətlə bağlı xərcləri də xüsusilə qeyd etmək lazımdır. O baxımdan 2021-ci ilin dövlət büdcəsi qələbə büdcəsidir. Eyni zamanda sosial təminatın daha da yaxşılaşdırılmasına xidmət edəcək bir büdcədir və bu kontekstdən təbii ki, gəlir və xərclərin artması artıq 2021-ci ildə Azərbaycanda bərpa və yenidənqurma işlərinin daha da sürətlənməsinə imkan verəcək. O baxımdan, büdcə hər bir vətəndaşımızın sosial təminatının gücləndirilməsinə töhvə verməklə yanaşı, eyni zamanda, işğaldan azad olunan ərazilərimizdə həyat və gülüşün qaytarılmasına xüsusi maliyyə dəstəyi həyata keçiriləcək. Nəticə etibarı ilə biz artıq gələn ildən etibarən işğaldan azad olunan rayonlarımızın bərpa və yenidənqurulmasının maliyyələşməsini müşahidə edə biləcəyik”, deyə Vüqar Bayramov bildirib.
Müəllif: İnam Hacıyev