İlham Əliyev əsrin qalib lideri olaraq Azərbaycanı inamla irəli aparır - MÖVQE ÖZƏL
"Hər bir xalqın tarixində, hər bir dövlətin yaranmasında, inkişaf etməsində böyük şəxsiyyətlər mühüm əhəmiyyət kəsb edirlər. Onların dövlət qurulucuğunda rolu, insanları ümumi bir məqsəd naminə səfərbər etmələri, xalqı mütəşəkkil qüvvə olaraq formalaşdırması və öz arxalarınca apara bilmək qabiliyyəti, siyasi və idarəçilik keyfiyyətləri bu cür şəxsiyyətlərin lider kimi qəbul olunmalarına əsas verir. Bu gün Azərbaycan Respublikasının dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi, xalqın haqlı olaraq ümumilli lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir. Ümumilli lider Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasətinin, strateji və siyasi xəttinin görkəmli şəxsiyyət, dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanıb". Bunu DİASPOR.İNFO-ya açıqlamasında YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Bayramov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb: "Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. Cənab İlham Əliyev SOCAR-ın I vitse-prezidenti, Milli Məclisin deputatı olanda da daima xalq üçün çalışıb, dövlətimizin inkişafı və güclənməsi üçün əvəzolunmaz addımlar atmışdı. 2003-cü ildə isə Prezident seçildikdən sonra cənab İlham Əliyev Azərbaycanın parlaq perspektivi ilə bağlı ideyalarını, planlarını reallaşdırmağa başladı. Ən əsası isə ölkə başçısı hər zaman xalqa verdiyi bütün vədlərə sadiq olub. Vətən torpaqlarının 30 ildən artıq davam edən işğalına son qoyulması ilə Azərbaycan tarixi ədaləti bərpa etdi. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiyada Prezident İlham Əliyevin adı bu zəfərin müəllifi kimi tarixə yazıldı. Prezidentin Füzuli və Cəbrayıl rayonlarına tarixi səfər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi cənab İlham Əliyev bir daha xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirdi. Bu, şanlı qələbəmizin, zəfərimizin nidasıdır".
Gənc siyasətçi qeyd edib ki, bu gün Azərbaycanda xalq-iqtidar birliyi ən yüksək səviyyədədir: "Bu uğura ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla və böyük uzaq görənliklə davam etdirdiyi siyasət nəticəsində nail olunub. Əlbətdə xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdi. Dövlət-xalq-ordu birliyi nümunəyə çevrildi. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Eyni zamanda azadlıq savaşı cənab Prezidentin təkrarsız diplomatik məharəti ilə yanaşı, həm də yenilməz sərkərdəlik qabiliyyətlərini bütün dünyaya göstərdi. Dövlət başçımızın siyasi iradəsi, öz xalqına sədaqəti və düşmənə qarşı yenilməzliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq".
O.Bayramov vurğulayıb ki, Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir: "Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 17 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq".
Müəllif: Aysel Məmmədova