Namiq Qaraçuxurlu: "Efirlərə çıxan ifaçılar kimi kaş məndə də o güc olardı" AÇIQLAMA
Meyxanaçı Namiq Qaraçuxurlu efirlərdə görünməməyinin səbəbini açıqlayıb. DİASPOR.İNFO-nun məlumatına görə, ifaçı fəaliyyətini dondurduğunu bildirib: "Uzun müddətdir demək olar ki, fəaliyyətimi dondurmuşam. Amma mənə müxtəlif verilişlərin aparıcı və prodüserlərindən zənglər gəlir. Məni proqramlara dəvət edirlər. Bəzən onlara cavab verməyə utanıram və zənglərini götürmürəm. Bu zaman da yalnış anlaşılma olur. Odur ki, hər kəsə deyirəm ki, efirlərə çıxmamağıma səbəb nə ulduzluq nə də tənbəllik etməyimdən irəli gəlir. Ölkəmizdə müharibə olub. Şəhid və qazilərimiz var. Şəhid ailələri qan ağlayırlar. Düşünürəm ki, gündəmdə mənim yaradıcılığım deyil.
Sosial şəbəkələri izləyirəm. Görürəm ki, yerinə düşməyən paylaşımlar və şərhlər olur. Əyləncəli videolar yayımlayırlar. Amma müğənniləri qınayırlar.
Bu gün gündəm sənətçilər deyil. Yaradıcılıqla məşğul olan və efirlərə çıxan ifaçılar kimi kaş məndə də o güc olardı. Məni yalnış anlamasınlar. Hər kəsin bir fikri var. Mənim də hansısa düşüncəmə görə nifrət və hörmət edən insanlar var. Bu, normal haldır və heç kimi qınamıram.
Qələbə ruhlu və şəhidlərə aid mahnılar yazmamağıma səbəb hələ ki, fəaliyyətimi dondurmağımdır. Millətimizin həssas dönəmində görünmək istəmirəm. Xalqımızın yarası heç vaxt sağalmayacaq. Amma şəhid ailələrimizin az da olsa yaralarının qaysaq bağladığı dönəmdə yenidən işlərimə start verərəm".