Vətən Müharibəsinin gedişinin müasir texnologiyalar vasitəsilə canlandırılması olduqca əhəmiyyətli bir addımdır. Dünyanın bir çox dövlətlərində bu texnologiya vəüsuldan istifadə olunur. Çin, Böyük Britaniya, Belçika, Niderland və s. dövlətlərin muzeylərində məlum texnologiyanin tətbiqinin şahidi olmuşam. Bu muzeylərdə I Dünya müharibəsi, II Dünya Müharibəsi, Çin-Yaponiya müharibəsi və s. ilə bağlı texnoloji canlandırmalar mövcuddur. Təbii ki, bu cür canlandırmalar insanların yaddaşına, onların fikir və düşüncəsinə daha dərindən sirayət edir. Onlar belə olan təqdirdə hər hansı bir müharibədə nələrin baş verdiyini, proseslərin necə, hansı şəkildə və hansı məcrada cərəyan etdiyini aydın görürlər. Bu isə, xüsusilə gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Məsəl üçün İspaniyada muzeylərin birində I Dünya Müharibəsi ilə bağlı bir rəsm əsərini göstərmək olar. Həmin rəsm əsərində I Dünya Müharibəsi elə parlaq şəkildə əks olunub ki, artıq müharibə haqqında əlavə nə isə oxumağa ehtiyac qalmır. Bir şəklə baxmaqla, I Dünya Müharibəsində insanlara, insaniyyətə qarşı hansı vəhşiliklərə yol verildiyini görürsən.
Biz Vətən Müharibəsi, ordumuzun şanlı qalibiyyəti, erməni vəhşilikləri və s. kimi məsələləri şəkillərin, musiqinin, filmlərin köməyi ilə elə təbliğ etməliyik ki, hər hansı bir şəxs bu əsərlərdən birinə baxan kimi onların vasitəsi ilə bütün lazımi informasiyanı əldə edə bilsin. Bu baxımdan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Zəfər muzeyində Vətən Müharibəsinin gedişi müasir texnologiyalar vasitəsilə canlandırılması haqqındatəklifini vacib və zəruri hesab edirəm və alqışlayıram.