"Diplomatlar bunun Vyana Konvensiyasına zidd olduğunu anlayıb" Sergey Lavrov
Rusiya Federasiyasında razılaşdırılmamış aksiyalarda iştirak edən Avropa Birliyi diplomatları bunun Vyana Konvensiyasına zidd olduğunu anlayıb. DİASPOR.İNFO RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Moskvada, Sankt-Peterburqda və Rusiyanın digər şəhərlərində baş verən və AB-yə üzv ölkələrin bəzi diplomatlarının iştirak etdiyi qanunsuz hərəkətlərə gəldikdə, biz bu mövzuda Avropa İttifaqına hər şeyi artıq dəfələrlə izah etdik. Moskva meriyasının bu cür ictimai tədbirlərin qadağan edilməsi ilə bağlı hazırkı fərmanı şərtlərində, koronavirus pandemiyası kontekstində diplomatlar, bu vəziyyətdə küçəyə çıxdıqlarında, düşünürəm ki, Vyana Konvensiyaları çərçivəsində öz funksiyalarını yerinə yetirmədiklərini, eləcə də Rusiya Federasiyasının daxili işlərinə müdaxilə etdiklərini çox yaxşı bilirdilər”, deyə Lavrov, Finlandiyalı həmkarı Pekka Haavisto ilə Sankt-Peterburqdakı danışıqların ardınca bildirib.
Xatırladaq ki, qazılaşdırılmamış etirazlar 23 yanvarda Rusiyanın müxtəlif şəhərlərində reallaşıb və COVID-19 infeksiyası təhlükəsi də daxil olmaqla, səlahiyyətlilərin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, 31 yanvar tarixində də davam edib. Heç şübhəsiz ki, bu nümayişlər, etirazlar zamanı Avropa Birliyi diplomatlarının iştirakı Rusiya hakimiyyətinin, yumşaq desək, xoşuna gəlməyib. Əksinə, razılaşdırılmamış aksiyalarda iştirak qıcıq doğurub. Məhz bu səbəbdən də Rusiya xarici işlər naziri Sergey Lavrov bunu daha çox vurğulayıb.
Müəllif: İnam Hacıyev