Qida bazarında nə baş verir?- Nəyi yemək olar, nəyi yox… - ARAŞDIRMA
Sosioloq: "Bunların çoxu qida deyil, qidanın imitasiyasıdır"
Qida texnoloqu: "Süni qidalar və "fast-fud" yeməklər çox zərərlidir"
Həkim: “Xərçəng, şəkər, ürək xəstəlikləri əsasən, süni qidalarla bağlıdır”
Ölkəmizdə qida məhsullarının keyfiyyəti ilə bağlı problemlər var. Mağazalarda satılan emal qidalarının bəziləri keyfiyyətsiz, saxta və ya sağlamlıq üçün zərərlidir. Hətta, təbii hesab etdiyimiz kənd məhsullarında saxtakarlıq baş alıb gedir. Bu saxta qidalar, genetik modifikasiya olunmuş ərzaq məhsulları, həmçinin qida məhsullarına əlavə edilən çoxsaylı ultrakimyəvi qatqılar insanlarımızda ağır xəstəliklər yaradır, milli genefondumuza ciddi zərbə vurur. Bəs bunun qarşısını necə almaq olar, ekspertlər nə təklif edir? Bu yazıda bu məsələləri araşdırmışıq.
Ekspert: "Vaxtı keçmiş məhsullaırın etiketi dəyişdirilir"
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, təhlükəli və standartlara uyğun olmayan qidalar ciddi problemlər yaradır: “Təhlükənin mövcud olduğu əsas sahələrdən biri də süd və süd məhsullarıdır. Bu məhsulların hazırlanması prosesində standartların pozulması, tərkibinə kimyəvi maddələrin vurulması halları müəyyən edilib. Bu sahəyə ciddi nəzarət edilməlidir”.
Ekspertin fikrincə, kənd təssərrüfatı məhsullarına vurulan kimyəvi dərmanlar və kübrələr də ciddi xəstəliklər yaradır: "Biz bilirik ki, kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün müxtəlif gübrələrdən istifadə olunur. Məhsulların təkibindəki bəzi gübrələr insan həyatına mənfi təsir göstərir".
AİB sədri deyir ki, bu gün təhlükəli qida ilə bağlı ciddi məsələlərdən biri vaxtı keçmiş məhsulların sonrakı taleyidir: "Bizdə olan məlumatlara görə, distribütorlar vaxtı keçmiş məhsulların etiketini dəyişdirib yenidən istehlakçılara təqdim edirlər. Bu məsələnin həlli üçün yollar tapılmalıdır”.
Qida texnoloqu: "Süni kimyəvi qidalar sağlamlıq üçün təhlükəlidir"
Qida texnoloqu Ağa Salamov isə hesab edir ki, emal olunmuş qidaların çoxunun tərkibi təbii komponentlərdən deyil, süni kimyəvi komponentlərdən ibarətdir. Sadəcə, həmin məhsulun dadını, rəngini verən qatqılar vurulur, istifadə müddətini artıran maddələr qatılır.
Texnoloq deyir ki, emal olunan qida məhsullarına əlavə olunan kimyəvi qatqı maddələri illər keçdikcə müxtəlif fəsadlar törədir ki, bu da il ərzində 600 milyon insanın zərərli qida istehlak etdikləri üçün müxtəlif xəstəliklərə yoluxmasına və 420 min insanın bu xəstəliklərə tab gətirməyərək ölməsinə səbəb olur.
Ekspertin fikrincə, "fast-fud" qidalar daha təhlükəlidir: "Beyində Oreksin maddəsinin səviyyəsini aşağı salan boş karbohidratlardir. Demək insanlar boş karbohidratlardan da uzaq durmalıdır. Boş karbohidrat dedikdə, təbii ki, çipsilər, rəngli qazlı içkilər, emal olunmuş şəkər və un məmulatları və.s nəzərdə tutulur.
Həmçinin trans yağlar da şiş xəstəliklərinin yaranmasına səbəb olur. Hətta, bədənimizə lazım olan əvəzolunmaz yağ turşularını bizə vermir, əksinə, otaq temperaturunda donmuş halda olan trans yağlar insanlar üçün böyük təhlükə mənbəyidir".
Sosioloq: "Bunlar qida deyil, qidanın imitasiyasıdır"
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Lalə Mehralı emal olunmuş qida məhsullarının daha təhlükəli olduğunu deyir: “Bazara ucuz məhsul çıxarmaq üçün emala məruz qalmış ərzaq məhsulunun başına elə oyunlar açılır ki, onlarda qidaya aid heç nə qalmır. Bu gün mağazalarda satılan məhsulların çoxunu qida saymaq olmaz, bunlar sadəcə qidanın imitasiyasıdır. Məsələn, limonadların, şirələrin 99 faizi kimyəvi maddələrdən ibarətdir. Ət və ət məhsullarında da ciddi problemlər var. Mal-qaraya və qoyun-keçiyə ət və südünün çox olması üçün kimyəvi yemlər verilir, hormonal iynələr vurulur. Kobasa-sosiska məmulatları barədə isə danışmağa dəyməz, bunlar təhlükəli məhsullardır".
Sosioloqun fikrincə, emal olunmuş qidaların içində ən təhlükəlisi süd məhsulları, xüsusən də yağlardır: "Qida bazarında əhaliyə təklif olunan yağların çoxu sünidir. Bəzilərinin tərkibi isə kanserogen palma yağı və ya spreddən ibarətdir. Bir çox süd məhsulları isə quru süddən, müxtəlif ultraximikatlardan, spredlərdən ibarətdir ki, bunları da qida saymaq olmaz.
Bitki yağları da eyni vəziyyətdədir. Mağazada günəbaxan tumunun kiloqramı 2,5 manata satılır, amma günəbaxan yağının litri 2 manatdan başlayır. Bu, nəzəri cəhətdən də mümkün deyildir. Demək ki, bu, günəbaxan yağı deyil, naməlum kimyəvi maddədir. Qarğıdalı yağlarında da eyni vəziyyətdir. Bitki yağlarından yalnız bəzi zeytun yağlarını istisna etmək olar”.
Ekspert: "Zeytun yağlarının da hamısı təhlükəsiz deyil"
Yeri gəlmişkən, Avropanın əksər ölkələrdə zeytun yağının qadağan olunan, zeytunun qalıqlarından alınan “Pomace” növü bu yağı istehsal edən ölkələr ucuz qıymətə Azərbaycana satırlar. Bakıdakı mağazalar da zeytunun “Pomace” növünü “endirim”lə satışını təşkil edirlər.
Bir neçə gün əvvəl AİB sədri Eyyub Hüseynov mətbuata verdiyi məlumatda qeyd etdi ki, zeytunun “Pomace” növü müxtəlif xəstəliklərə səbəb olur: “Zeytun yağının növləri var. Ən yaxşı zeytun yağı “Extravirgin”dir. Bu yağ rafinə olunmamış, soyuq sıxmadan əmələ gələn yağlardır. İlk sıxmadan əmələ gəlir. Zeytun yağının digər növü “Virgin” yağıdır. Zeytunun yağının sonuncu növü isə “Pomace”dir. Bu, əla növ zeytun yağı alınandan sonra müəyyən temperaturda saxlanılan zeytunun jımıxından yenidən sıxılaraq əldə edilən məhsuldur. Bu proses zaman məhsulun əhəmiyyətli maddələr itir. “Pomace” zeytun yağı jımıxdan hazırlandığı üçün müxtəlif xəstəliklər əmələ gətirə bilər. Məndə olan məlumata görə, Azərbaycanda “Pomace” zeytun yağları istehsal olunmur. Amma xarici ölkələrdən bu yağlar ölkəyə gətirilir. Yaxşı olar ki istehsalçılar rafinə olunmamış və soyuq sıxmadan əmələ gələr zeytun yağlarına üstünlük versinlər. Zeytun yağı alanda onun etiketinə baxsınlar”.
Həkim: "Süni qidalar orqanizmdə xərçəng yaradır"
Həkim-konsultant Aynurə Hidayətqızı deyir ki, hazırda insanlar əvvəlkindən fərqli olaraq, daha çox emala məruz qalmış, kimyəvi qatqılarla zənginləşmiş süni qidalar qəbul edirlər: "Müasir dövrdə daha çox orqanizmdə həll olunmayan, yanmayan və ya həll olsa belə zərərli maddələrlə zəngin olan qida qəbul olunur. Orqanizm isə bunları qida kimi tanımır və oradan özünə lazım olan maddələri ala bilmir. Hüceyrələrin funksiyası pozulur, şlaklar yaranır, immunitet zəifləyir və nəticədə xərçəng və s. xəstəliklər yaranır".
Həkim insanlarımızı mümkün qədər mağazalardakı paketlənmiş yerli və xarici qida məhsullarından az istifadə etməyə, ərzaq ehtiyaclarını daha çox kəndlərdən gətirtdikləri məhsullarla ödəməyə çağırıb: "Broyler toyuğu və yumurtasından, həmçinin kolbasa-sosiska məmulatlarından, limonadlardan, enerji içkilərindən istifadəni məsləhət görmürəm. Şəkər, ağ çörək, duzdan istifadəni minimuma endirsinlər. İmmuniteti gücləndirmək, orqanizmi toksinlərdən təmizləmək üçün yabanı bitkilər, çiçək çayları, təbii bal, limon, zəncəfil, sirkə kimi məshullardan gündəlik istifadə. Təbii müalicə metodları tətbiq edərkən, mütləq həkimlə məsləhətləşsinlər".
Mütəxəssis valideynləri özlərini və sağlamlıqlarına cavabdeh olduqları uşaqlarını qorumağa çağırıb: "Artıq körpə uşaqlarda belə ağlasığmaz xəstəliklər yaranır. Xərçəng, şəkər, ürək xəstəlikləri baş alıb gedir. Valideynlər hər əllərinə keçəni, hər mağazada satılanı uşaqlara yedirtməli deyillər. Uşaqların qidalanmasına nəzarət gücləndirilməlidir. Onları kimyəvi mağaza şirniyyatlarına yox, meyvələrə öyrətsinlər. Əks halda, xəstəliklərlə qarşılaşmaları tezləşəcək”.
Kənd məhsullarında da saxtakarlıq baş alıb gedir
Bütün qida ekspertləri, həkimlər təbii kənd məhsullarından istifadəyə çağırır. Lakin kənd məhsullarında da probemlər var. Əksər tərəvəzlərin geni dəyişdirilib. Meyvələrin isə müəyyən hissəsi transgendir. Taxılın xromosomları 15-20-dən 40-50-yə qaldırılıb ki, bu da insanın gen strukturunu dağıdır.
Son vaxtlar mağazalardakı vəziyyətdən xəbərdar olan insanlar kənddən gətirilən məhsulları almağa üstünlük verməyə başlayıblar, lakin bundan istifadə edən işbazlar kənddən gətirmək adı ilə saxta və süni məhsuları əhaliyə sırıyırlar. Hətta bu işlə məşğul olan şəbəkə var. Onlar gizli sexlərdə süni nehrə yağları, kimyəvi maddədən və quru süddən süd və süd məhsulları, broyler yumurtarından torpağa bulaşdırmaqla "kənd yumurtası düzəldir", bunları bəzi adamlar vasitəsilə köhnə maşınlarda mağazalara göndərir və həyətlərdə təbii kənd məhsulu adı ilə satdırır.
Maraqlıdır ki, ən ucuz halda nehrə yağının kiloqramı 15 manatdan baha başa gəldiyi halda, bu saxta nehrə yağları 6-10 manat arasında satılır. Mağazada paket südlərin litri 1,5 manatdan baha olduğu halda bu südlər 1 manatdan satılır. Kliloqramı 3-4 manata satılan pendir, kəsmik, qaymaq, smetan kimi süd məhsullarının çoxu süni maddələrdən hazırlanır.
Bu problemin həlli üçün müvafiq orqanlar tərəfindən mütamadi olaraq tədbirlər həyata keçirilsə də, qarışını almaq mümkün olmayıb. Ona görə də, istehlakçılar diqqətli olmalı, qəbul etdikləri ərzağın mənşəyi, keyfiyyəti və tərkibini bilməlidirlər.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb