Hədəfimiz Qarabağda bərpa-quruculuq işləri aparmaq, yaşamaq, yaratmaqdır - ŞƏRH ÖZƏL
“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına növbəti səfərləri ilə bağlı bir neçə fikir yürütmək olar. İlk növbədə, biz erməni vandallarından azad edilən ərazilərimizdə bərpa-quruculuq işlərinin ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin şahidi oluruq. Dövlətimizin Başçısı Qarabağın inkişafına xüsusi diqqət yetirir. Səfər zamanı onun hər bir kənd, hər bir rayon haqqında verdiyi tam, dolğun məlumatlar insanda qürur hissi yaradır. Bir tərəfdən sevinirik ki, nəhayət, biz öz doğma torpaqlarımıza qayıdır, burada qurub yaratmağa başlayırıq. Digər tərəfdən, bu Qələbənin bizim əsgər və zabitlərimizin qanı, canı bahasına başa gəldiyi üçün qazandığımız Zəfərin nə qədər önəmli olduğunu dərk edirik. Həqiqətən də bütün bunlarhər birimizə qeyri-adi duyğular yaşadır. Prezident İlham Əliyevin dağılmış, xarabaya çevrilmiş hər kənddən, hər rayondan keçdikcə verdiyi şərhlər, əlbəttə, olduqca vacibdir. Bunların bir qismi xalqımıza, doğma, əzəli-əbədi yurdlarından didərgin düşən vətəndaşlarımıza çağırışdır”. Bunu DİASPOR.İNFO-ya açıqlamasında Biləsuvar rayon Gənclər və İdman idarəsini rəisi Azad Quliyev deyib.
Onun sözlərinə görə, prezident İlham Əliyevin azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyi eyni zamanda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması barədə söylədiyi fikirlər bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir: “Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi nəticəsində ağır zərbələr alan, ancaq yenidən baş qaldırmaq istəyənlərə bir daha xəbərdarlıq edərək qeyd edib ki, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Dövlətimizin başçısı səfər zamanı bəzi hərbi əməliyyatlar haqqında geniş məlumat verərək, Azərbaycan Ordusunun şanlı Qələbəsini bir daha vətəndaşlarımızın, eləcə də dünya ictimaiyyətinin nəzərinə çatdırdı: “Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik”.
A.Quliyev vurğulayıb ki, Vətən müharibəsindən sonra Azərbaycanın regiondakı rolu getdikcə daha da artmağa başlayıb: “ Həyata keçiriləcək yeni nəqliyyat layihələri və digər proqramlar həm Türk dünyasına, həm Cənubi Qafqaza, region ölkələrinə, həm də Avropaya mühüm töhfələr verəcəkdir. 2020-ci il sentyabrın 27-də başlanan və noyabrın 10-da Azərbaycanın şanlı Qələbəsi, Ermənistanın isə kapitulyasiyası ilə bitən 44 günlük Vətən müharibəsi 30 illik Qarabağ həsrətinə son qoydu. Bu gün bizim qarşımızdakı əsas hədəf Qarabağda bərpa-quruculuq işləri aparmaq, yaşamaq, yaratmaqdır”.
Müəllif: Aysel Məmmədova