“Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Azərbaycan Prezidentinin ən sonuncu bəyanatı həmin dəhlizlə bağlı Azərbaycanın nə qədər qətiyyətli və inamlı mövqedə olduğunu göstərir. Yəni, hər hansı bir qüvvə Zəngəzur dəhlizinin açılışının qarşısını ala bilməz, bu Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biri sayılır”. Bu sözləri Diaspor info-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspert qeyd edib ki, Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycan Ermənistanı demək olar ki, təkləyə bilib: “Baxmayaraq ki, mən şərtli təkləmədən danışıram. Lakin Ermənistanın özünü də bu dəhlizin açılmasında həyati maraqları var. Ermənistanda müəyyən qüvvələr bu dəhlizin əleyhinə çıxış etmiş olsalar belə, Azərbaycan dəhliz məsələsində Ermənistanı 5 dövlətin çevrəsinə daxil edə bilib”.
A.Quliyev vurğulayıb ki, “Azərbaycan, Türkiyə, Gürcüstan, İran və Rusiya bu dəhlizin açılmasında bu gün maraqlıdırlarsa, Ermənistan da öz növbəsində sözügedən dəhlizin açılması prosesinə qoşulubsa, deməli Ermənistan bu çevrədən kənara çıxa bilməz: “Ona görə Azərbaycan Prezidenti əgər Zəngəzur dəhlizinin könüllü şəkildə açılmasına razılıq verməzlərsə, biz zor gücünə bunu edəcəyik bəyanatı əslində reallıqdan xəbər. Azərbaycan dəhlizlə bağlı elə bir vəziyyət yaradıb ki, Ermənistan bu vəziyyətdə dəhlizin açılmasına getməkdən başqa bir yolu qalmayıb”.