Ermənistan tərəfi, Dağlıq Qarabağdakı müharibədən sonra Türkiyənin mövqeyində heç bir dəyişiklik müşahidə etməyib. Diaspor info Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Avet Adons şənbə günü jurnalistlərə açıqlamasında söyləyib.
O, deyib ki, hazırda Ermənistanla Türkiyə arasında heç bir dialoq yoxdur. Həmçinin bildirib ki, eyni zamanda rəsmi İrəvanın da mövqeyi dəyişməyib və Ankara ilə ilkin şərtlər olmadan münasibətlər qurmağa hazırdır.
Adons əsas şərtlərin Qarabağ münaqişəsinin Azərbaycanın mövqeyinə uyğun həll edilməsi və qondarma, dırnaqarası “Erməni Soyqırımı”nın beynəlxalq səviyyədə tanınması prosesinin rədd edilməsi olduğunu da dilə gətirib.
Xarici işlər nazirinin müavini Qarabağ kontekstində 44 günlük müharibədən sonra Türkiyənin mövqeyinin dəyişmədiyini deyib və qeyd edib ki, heç olmasa erməni tərəfinə başqa mesaj da gəlməyib.
O, danışıqların nəticələrinin tezliklə əldə olunacağına da ümid etdiyini deyib.